BDU-da “Heydər Əliyev mühazirələri”nin növbəti qonağı Qulu Məhərrəmli olub
“BDU könüllüləri” təşkilatının müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən “Heydər Əliyev mühazirələri” adlı layihəsi davam edir. Layihənin ikinci qonağı BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Qulu Məhərrəmli olub.
“Heydər Əliyev və media” adlı məruzə ilə çıxış edən Qulu Məhərrəmli tələbələrə Ulu Öndərin zəngin həyat və fəaliyyəti barədə məlumat verib, bugünkü güclü Azərbaycanın memarı kimi atdığı addımların mahiyyətindən söz açıb: “Ulu Öndər jurnalistika sahəsinə çox böyük töhfələr verib. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, KİV-lərin fəaliyyətinin genişləndirilməsi və inkişafının təmin edilməsinə dair qəbul edilmiş çoxsaylı sərəncamlar Ulu Öndərin ölkə jurnalistikasına verdiyi yüksək dəyərin sübutudur. Heydər Əliyev qələm sahiblərinin əməyini qeyri-adi, zəhmətli, hünər və fədakarlıq tələb edən əmək kimi ifadə edirdi. Ulu Öndər KİV-ləri cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid edərək onların aradan qaldırılmasına kömək edən qurum kimi dəyərləndirir, jurnalistləri ədalətli olmağa, öz hüquqlarından sui-istifadə etməməyə, qərəzsiz və dəqiq yazmağa səsləyirdi”.
Sonra Qulu Məhərrəmli Ulu Öndərlə bağlı xatirələrini bölüşüb və tələbələrin suallarını cavablandırıb.
Tarix: 5-05-2023, 23:14