Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Heydər Əliyev - 100. Böyük tarixi şəxsiyyət


   Müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi Ulu öndər Heydər Əliyev tərəfindən yazıldı. Fikrimcə Vətənini, dövlətini sevən hər bir azərbaycanlının qəlbinin güşəsində Heydər Əliyev adlı düha yaşayır. Şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Xalqın müqəddəratını düzgün həll etmək iqtidarında olan dühalar elə xalqın ömrü qədər də ədəbiyyət qazanır, bütünlükdə, bəşər tarixində iz qoya bilirlər. Ümummilli liderin yüz illiyi onun adına layiq şəkildə respublikanın hər yerində qeyd edilir və Heydər Əliyev irsi daha yaxından öyrənilir, həyatının hər anı yenidən vərəqlənir, araşdırılır və gündəlik həyatımızda tətbiq edilir. Ulu öndərin 100–cü ildönümü onun ideya və arzularının gerçəkləşdiyi, tövsiyə və vəsiyyətlərinin yerinə yetirildiyi tarixi şəraitdə keçirilir. Xalqın tarixi onun yetişdirdiyi dahi şəxsiyyətlərin həyat və fəaliyyətinin əsrlərlə həkk olunan salnaməsi kimi yaranır və heç vaxt unudulmayacaq obrazı canlanır.  
Azərbaycan Prezidenti İlham Əliyev mayın 3–də Şuşada keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda IV beynəlxalq konfransda çıxışında: “Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub və bunu zamana, siyasi vəziyyətə baxmayaraq edib. Sovet Azərbaycanı dönəmində hətta ideoloji əngəllər çərçivəsində Ulu Öndər Azərbaycan xalqının maraqlarını qoruyurdu, milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. 70–ci illərdə və 80–ci illərin əvvəlində Heydər Əliyev tərəfindən atılmış bir çox addımlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdi” fikirlərini vurğulamışdır.
   Xalqını, dövlətini ürəkdən sevən, dövlətin müəyyənləşdirdiyi siyasi xəttə sədaqət göstərən, milli–mənəvi dəyərlərimizi təbliğ edən hər bir gənc dövlətçilik atributlarına hörmətlə yanaşır, tariximizin, milli–mənə­vi dəyərlərimizin, dövlət sərhədlərimizin qorunmasını, Vətən, torpaq uğrunda mübarizəni özünün vətəndaşlıq borcu sayır. Zaman ötsə də, Azərbaycan xalqının böyük oğlu, tarixi şəxsiyyət Heydər Əliyev irsinə maraq azalmır, əksinə, insanlar bu böyük şəxsiyyətin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmaq istəyirlər. Bunu “Heydər Əliyev ili” çərçivəsində aparılan araşdırmalar, yazılan məqalələr bir daha təsdiqləyir. Heydər Əliyevin dövlətçilik fəaliyyəti qətiyyət, aşkarlıq və kollegiallıq nümunəsidir.
    Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevin 29 sentyabr 2022–ci il tarixli “Azərbaycan Respublikasında 2023–cü ilin “Heydər Əliyev ili” elan edil­məsi haqqında” sərəncamında Ümum­milli liderin milli ideologiyanın formalaş­masındakı tarixi xidmətləri xüsusi qeyd edilir: “Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyası­nın formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai–siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çox əsrlik mənəvi–mədəni irsə sahib qə­dim diyar və sivilizasiyaların qovşağın­da yerləşən tolerantlıq məkanı kimi ge­niş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuş, davamlı yüksəliş yolunda inam­la irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”. 
Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyev yeganə dahi şəxsiyyətdir ki, bir–birindən fərqli 3 mürəkkəb siyasi–tarixi mərhələdə: sovet rejimi zamanı (1969–1987), keçid dövrü (1987–1990) və müstəqillik illərində (1993–2003) eyni siyasi qətiyyətlə möhtəşəm siyasi uğurlara imza atmışdır. Ümummilli lider Heydər Əliyev siyasi müdriklik və düha ilə hələ sovet rejimi dövründə Azərbaycan xalqının müstəqil dövlətçilik konsepsiyasını formalaşdırmış, sonralar isə ilk tarixi fürsətdə elə özü də bu mühüm siyasi konsepsiyanı həyata keçirmişdir. 
Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı da məhz Ulu Öndər Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə 2005–ci ildə “Heydər Əliyev” ordeni, 2023–cü ildə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təsis edilmişdir. Dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimlər tərəfindən dünya miqyasında böyüklüyü etiraf edilən, o cümlədən ABŞ–ın sabiq prezidenti Corc Buşun “Şəksiz lider”, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türk dünyasının tanınan və sevilən lideri”,   Rusiya prezidenti Vladimir Putinin “Siyasi nəhəng”, Fransanın sabiq prezidenti Jak Şirakın “Qeyri–adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi göz önündə canlanır, qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır.
Fenomenal şəxsiyyətin Azərbaycan dövləti naminə fədakar fəaliyyəti haqqında danışaraq qeyd edə bilərik ki, Sovet dövrü müəyyən ideoloji məhdudiyyətləri ilə səciyyələnirdi. Ancaq Heydər Əliyevin milli təəssübkeşliyi, uzaqgörənliyi və müdrikliyi ona bu məhdudiyyətləri aşmağa imkan verirdi. Zaman–zaman ölkələrin, xalqların tarixində elə hadisələr baş verir ki, onların milli mənafe baxımından önəmi getdikcə daha aydın dərk olunur. Keşməkeşli tarixi olan Azərbaycan üçün taleyüklü hadisələrdən biri 1969–cu ilin 14 iyulunda baş verdi. Həmin tarixdə Heydər Əliyev Azərbaycan KP MK–nın I katibi seçilərək respublikanın rəhbəri oldu. Heydər Əliyev keçmiş sovet dönəmində respublikamızda milli intibahın əsasını qoyan əvəzsiz liderdir. Heydər Əliyevin Azərbaycan gənclərini keçmiş ittifaqın qabaqcıl ali məktəblərinə təhsil almağa göndərməsi, ədəbiyyatımıza, mədəniyyətimizə, milli–mənəvi dəyərlərimizin qorunmasına müstəsna qayğı göstərməsi, respublikanı sənaye inkişafına istiqamətləndirməsi, yeni yanaşmalar əsasında inkişaf etdirməsi kimi məqamlara hər zaman xüsusi diqqətlə yanaşmışdır.
    Heydər Əliyev bütün bunları Azərbaycanın sabahını düşünərək edirdi. Liderin təşəbbüsləri, fəallığı, sonradan keçmiş SSRİ kimi nəhəng bir dövlətin rəhbərliyində təmsil olunması hər bir azərbaycanlıda milli kimliyinə görə qürur hissi oyadırdı. Mədəniyyətimizin böyük hamisi xalqımıza azərbaycançılıq milli məfkurəsinin ideologiyasının əsaslarını aşıladı. Bu milli ideologiya ilə silahlanan və yüksək həmrəylik nümayiş etdirən azərbaycanlılar ötən əsrin 90–cı illərinin əvvəllərində müstəqillik uğrunda mübarizəyə qalxdılar. 2020–ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli ordumuz şanlı Zəfərə imza ataraq ölkənin ərazi bütövlüyünü təmin etməyə nail oldu. Azərbaycanın qələbəsi tarixi ədalətin və beynəlxalq hüququn Zəfəri idi. 
    Azərbaycan xalqı haqlı olaraq Ümummilli lideri xilaskar adlandırmışdır. Əbədiyaşar öndər atdığı müdrik addımlarla respublikanı fəlakət burulğanından çıxarmağı, sabitliyə və inkişafa istiqamətləndirməyi bacardı. 1993–cü ildə onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan  xilas oldu. Ulu Öndər deyirdi: “Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun, ərazi bütövlüyümüz təmin edilsin, Azərbaycan müharibə şəraitindən çıxa bilsin”. 15 İyun Milli qurtuluş günü dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi I dövrlə II dövr arasındakı illər, sözün əsl mənasında, tariximizin hərc–mərclik dövrü, ağır tənəzzül illəri idi. Xüsusilə, Azərbaycanın tarixinin 1990–1993–cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, "olum, ya ölüm" dövrü kimi qalmışdır. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc–mərclik, hərki–hərkilik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtda silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Atışma səslərindən camaat evində rahat yata bilmirdi. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Torpaqlarımızın 20 faizinin işğal olunması, 200 minə yaxın soydaşımızın Qərbi Azərbaycandan deportasiya edilməsi, bir milyondan çox qaçqın və məcburi köçkünün yaratdığı problemlər ölkəni sürətlə uçuruma sürükləyirdi. Müxtəlif sərsəm bəyanatlar Azərbaycanın xarici aləmdəki nüfuzunu tamamilə məhv etməkdə idi. Bu zaman Vətənin ümid çırağı, əliyalın, başsız qalan xalqın yeganə ümid yeri Heydər Əliyev zəkası idi.
Xalqımız onun əziz xatirəsini həmişə uca tutur yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli qurtuluş günü kimi qeyd edir. 1993–cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Əbədiyaşar öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Strateji məqsədlərə çatmaq üçün ölkəyə Ulu Öndərin uzaqgörənliyi lazım idi. Qısa bir zamanda, lakin çox mürəkkəb danışıqlar və görüşlər nəticəsində Azərbaycanın iqtisadi inkişafına və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı.  İqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Ulu Öndər dəfələrlə demişdi ki, “sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Ordu quruculuğu işləri daha da möhkəmləndirildi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasından bəhrələndiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq edir. Bu siyasəti daha da gücləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev elə bir rəşadətli ordu yaratdı ki, 30 illik erməni işğalına  44 gündə  son qoydu. II Qarabağ mü­haribəsi azərbaycançılıq ideologiyasının aprobasiyası olub: etnik mənsubiyyə­tindən, irqindən, dinindən, dilindən, cin­sindən, mənşəyindən, əqidəsindən asılı olmayaraq, hər bir fərdin ərazi bütövlü­yümüzün bərpasında fəal iştirak etməsi, müzəffər Ali Baş Komandan İlham Əliye­vin ətrafında yumruq kimi birləşməsi bu ideologiyanın qüdrətini bütün dünyaya göstərdi. 
   
   Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır. Vətən müharibəsindən 2 il yarım keçməsinə baxmayaraq, bu gün azad olunmuş ərazilərdə yol, nəqliyyat, enerji və digər sosial infrastruktur qurulur. Füzuli və Zəngilan Beynəlxalq hava limanları istifadəyə verildi. Mayın 2–də İlham Əliyevin ruhlar şəhəri adlandırılan respublikanın 4–cü böyük şəhəri olacaq Ağdamda açılışını etdiyi “ağıllı kənd”, və “ağıllı şəhər” layihələri uğurla həyata keçirilir, insanlar öz ata–baba yurduna qayıdır. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Laçın–Xankəndi yolunun girişində Ermənistanla sərhəddə Azərbaycan dövlətinin sərhəd–keçid buraxılış məntəqəsinin qurulması və Azərbaycan bayrağının qaldırılması ölkəmizdə hamının  gözlədiyi və tələb etdiyi bir aksiya idi. Və nəhayət, bu həyata keçirildi. Cünki, 2020–ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri–qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah–sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22–də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın–Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq, 44 günlük Vətən müharibəsindəki qələbədən sonra növbəti tarix aprelin 23–də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında sərhəd–buraxılış məntəqəsi quruldu. Bu da qazanılmış uğurların əsası olan Heydər Əliyev məktəbinin daha bir qələbəsi kimi tarixə yazıldı.
Bütün bunlar bir daha ölkəmizin hərbi və iqtisadi imkanlarından, dövlət başçısının güclü iradəsindən xəbər verir.  Ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə qərar tutması insanların qürur mənbəyinə çevrilib. Sözün əsl mənasında, böyük və ibrətamiz həyat yaşamış Ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü daha böyükdür. O, bütün həyatı boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız   
Ümummilli Liderin siyasi varisi yüksək intellektli, müasir dünya siyasətini dərindən bilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşmişdir.  Azərbaycan Prezidentinin rəhbərliyi altında Azərbaycan dövləti və xalqı bundan sonra da ölkəmizin müstəqilliyini daha da möhkəmləndirəcək, bəzi mənfur xarici dairələrin öz çirkin planlarını Azərbaycanda həyata keçirməsinə imkan verməyəcək, daim həmrəylik, milli birlik, vahid amal uğrunda yumruq kimi bir olacaqdır. Bu nailiyyətlərimizin əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Ulu Öndər Heydər Əliyevin siyasi kursu dayanır. 
Azərbaycan var olduqca Ümummilli lider Heydər Əliyev də var olacaq.  Hazırda Ümummilli liderimizin uzaqgörən və düzgün siyasəti ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına davam etdirilir ki, bu müdrik siyasət ilə ölkəmiz çox böyük uğurlara imza atmış və bundan sonra da atacaqdır.

 

                                                                                Cəmil Quliyev
                                           LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin
                                          müəllimi, tarix üzrə fəlsəfə doktoru, AJB–nin üzvü


Tarix: 4-05-2023, 14:58

Xəbəri paylaş