“Məktəb liderliyi” proqramının bağlanış mərasimi keçirilib
Mayın 2-də Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi ilə birgə icra olunan “Məktəb liderliyi” proqramının bağlanış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov proqramın məqsədinin müasir çağırışlara cavab verən məktəb liderləri hazırlamaqdan ibarət olduğunu bildirib. Rektor proqramın uğurlu nəticələr verəcəyinə inandığını vurğulayaraq deyib: “Məktəb lideri məktəbin bütün maraqlı tərəfləri ilə düzgün kommunikasiya qurmalıdır. XXI əsrin məktəb liderlərinin ərsəyə gəlməsində “Məktəb liderliyi” proqramı kimi layihələrin həyata keçirilməsinin böyük əhəmiyyəti var”.
Cəfər Cəfərov gələcəyin məktəb liderlərinin hazırlanmasına töhfə verdikləri üçün məmnunluğunu ifadə edərək proqramın ilk məzunlarına uğurlar arzu edib.
Daha sonra ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva “Məktəb liderliyi” proqramında görülən işlərə dair təqdimatla çıxış edib. O bildirib ki, proqram yekunlaşdıqdan sonra məzunlar arasında direktor olanların sayı 29,1 faiz (14 nəfər) artıb. Proqramı bitirən məzunlar direktor, direktor əvəzi, sektor müdiri, direktor müavini, müəllim vəzifələrində çalışırlar.
Könül Pirverdiyevanın sözlərinə görə, üç ay davam edən proqram çərçivəsində məktəbin idarə olunması və liderlik, tədrisin təşkili və idarə edilməsi, təhsildə qiymətləndirmə, məktəbdə heyətin idarə edilməsi və məktəbdə ünsiyyətin təşkili və idarə edilməsi mövzularında təlimlər keçirilib.
Başkent Universitetinin Təhsil İnstitutunun direktoru, “Məktəb liderliyi” proqramında “Məktəb idarəetməsi və liderlik” modulunun müəllimi Servet Özdemir çıxışında təhsildə liderliyin önəmindən danışıb.
Daha sonra proqramın məzunları - S.Abdullayev adına 290 nömrəli tam orta məktəbin direktoru Yeganə Abdullayeva və 329 nömrəli tam orta məktəbin direktoru Elnur Mirzəyev proqramdakı təcrübələrindən danışıb, proqramın davamı üçün təkliflərini irəli sürüblər.
Sonda “Məktəb liderliyi” proqramını tədris edən müəllimlərə təşəkkür plaketləri, proqramın məzunlarına sertifikatlar təqdim edilib.
Tarix: 2-05-2023, 15:49