“Xəmsə möcüzəsi” I beynəlxalq incəsənət müsabiqə-festivalının yekun tədbiri
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanalıyev, Türkmənistanın Azərbaycandakı konsulu Sultan Akilov, Özbəkistanın Azərbaycandakı səfirliyinin 3-cü katibi Ramazan Otabek, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov açılış nitqi ilə çıxış edərək müsabiqə-festivalın maraqlı və əhəmiyyətli mövzuya həsr olunduğunu iştirakçıların diqqətinə çatdırıb. Nazir müavini bildirib ki, Nizami Gəncəvi təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının, bəşəriyyətin böyük şair və mütəfəkkiridir. Firudin Qurbanov bu gün ölkəmizin təhsil müəssisələrində Nizami irsinin layiqincə tədris edildiyini, onun irsinin milli və bəşəri ideyalarının geniş şəkildə öyrədildiyini vurğulayıb.
Dahi şair Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə keçirildiyini diqqətə çatdıran Firudin Qurbanov əlavə edib ki, 1981-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimi ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. Nazir müavini Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb.
Sonda Firudin Qurbanov qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı türkdilli dövlətlər arasında dostluq və mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından tədbirin əhəmiyyətini vurğulayıb və təşkilatçılara təşəkkürünü bildirib.
Sonra qaliblər diplom və hədiyyələrlə təltif olunublar.
Sonda türkdilli xalqların rəqsləri nümayiş edilib, müsabiqə-festivala qatılan qaliblərin rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.
Qeyd edək ki, müsabiqə-festival Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında 5 nominasiya üzrə 2 yaş qrupunda (11-14 və 15-17) keçirilib. Müsabiqə-festivala Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğız və Özbəkistan Respublikasından ümumilikdə 2000-ə yaxın məktəbli qatılıb. Müsabiqənin nəticələrinə əsasən 2 yaş qrupu üzrə 28 nəfər I, 21 nəfər II, 22 nəfər III və 68 nəfər həvəsləndirici yerlərə layiq görülüb.
Tarix: 28-04-2023, 15:21
Xəbəri paylaş