Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU tələbələri “Təmiz Şəhər” ASC-də

 


Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim və tələbələri 22 aprel - Beynəlxalq Yer Günü münasibətilə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə ekskursiya ediblər. 
 
Onlar əvvəlcə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda tullantıların çeşidlənməsi və təkrar emal müəssisələrinə göndərilməsi prosesini izləyib, sonra Bakı bərk məişət tullantılarının yandırılması zavodunun iş prosesi ilə tanış olublar. Bildirilib ki, 2013-cü ildən istifadəyə verilən zavod il ərzində 500 min ton tullantını zərərsizləşdirmək gücündədir və 4G texnologiyası əsasında Avropanın ən sərt ekoloji norma və tələbləri çərçivəsində fəaliyyət göstərir. Zavodda tullantıların termik üsulla zərərsizləşdirilməsi nəticəsində il ərzində 200 milyon kilovat/saata qədər elektrik enerjisi əldə olunur. Bu isə təxminən 100 min ev təsərrüfatının enerjiyə olan tələbatını ödəyir.  
 
Balaxanı Sənaye Parkında da olan fakültə kollektivi burada təkrar emal prosesini izləyib. Məlumat verilib ki, Sənaye Parkı 2017-ci ildən fəaliyyət göstərir. Hazırda 25 rezident qeydiyyatdan keçərək 27 istiqamət üzrə təkrar emal prosesi ilə məşğul olur. 
 
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb və tullantıların ilkin çeşidlənməsi istiqamətində fəaliyyətin genişləndirilməsinin vacibliyi ifadə edilib.
 


Tarix: 25-04-2023, 15:29

Xəbəri paylaş