ADA Universiteti və Bolonya Universiteti ilk qısamüddətli birgə sertifikat proqramı həyata keçirir
İtaliya-Azərbaycan Universiteti çərçivəsində kənd təsərrüfatı və qida sisteminin idarə olunmasında ADA Universiteti və İtaliyanın Bolonya Universiteti tərəfindən ilk qısamüddətli birgə sertifikat proqramı həyata keçirilir. Kənd təsərrüfatı Azərbaycanda enerji sektorundan sonra ikinci ən çox inkişaf edən sahədir. Bu sahədə bizə yaxşı mütəxəssislər lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev İtaliya-Azərbaycan Universiteti çərçivəsində kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair ADA Universiteti və İtaliyanın Bolonya Universiteti tərəfindən ilk qısamüddətli birgə sertifikat proqramının açılış mərasimində deyib.
Rektor bildirib ki, proqram üçün ilk addımlar keçən ilin iyun ayında atılıb və İtaliyanın Bolonya Universitetindən bir qrup mütəxəssis Azərbaycana gəlib: “Artıq ikinci dəfədir ki, həmin mütəxəssislər ölkəmizə gəlib. Proqram 3 həftə müddətində davam edəcək. İlk həftəsi Azərbaycanda, ikinci həftəsi isə onlayn keçiriləcək. Üçüncü həftə Bolonya Universitetində baş tutacaq və bağlanış mərasimi keçiriləcək. İlk dəfə proqrama müraciətlərin çox olacağına inanmırdım.
Hazırda proqramda həm özəl sektordan, dövlət sektorundan, tədqiqat institutlarından iştirakçılar olmaqla 33 nəfər iştirak edir”.
Rektorun sözlərinə görə, proqramın həyata keçirilməsində əsas məqsəd kənd təsərrüfatı sektorunda çalışan, tədqiqatlar aparanları bir araya gətirmək, onların bilik və bacarıqlarını artırmaqdır.
Tarix: 25-04-2023, 15:19