Elm və təhsil nazirinin müavini Həştərxana səfər edib
Elm və təhsil nazirinin müavini İdris İsayev Rusiya Federasiyasının Həştərxan vilayətinə səfər edib.Səfər çərçivəsində əvvəlcə ümummilli lider Heydər Əliyevin Həştərxan şəhərində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Sonra nazir müavini ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “dəyirmi masa”da iştirak edib.
Həştərxan Dövlət Universitetində (HDU) təşkil edilən “dəyirmi masa”da həmçinin Həştərxan vilayətinin təhsil və elm naziri Yeqor Uqarov, HDU-nun rektoru Konstantin Markelov, Gənclərlə İş üzrə Agentliyin rəhbəri Viktor Nurtazin, xarici əlaqələr nazirinin müavini İlya Toropitsın, tələbə və gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər. Azərbaycanın ali təhsil müəssisələrinin təmsilçiləri isə tədbirə onlayn qoşulublar.
“Dəyirmi masa”da çıxış edən nazir müavini İdris İsayev Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bir çox sahələrdə, o cümlədən təhsil sahəsində həyata keçirilən islahatlar və nəticələri barədə danışıb. Nazir müavini çıxışında Heydər Əliyevin azərbaycanlı gənclərin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına göstərdiyi dəstəyi xüsusilə vurğulayıb. Bildirib ki, məhz ümummilli liderin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan – Rusiya münasibətləri qarşılıqlı əməkdaşlıq səviyyəsinə çatdırılıb. Hazırda bu əməkdaşlıq ənənələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Dəyirmi masa”da çıxış edənlər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda sosial, iqtisadi və humanitar sahələrdə əldə edilən nailiyyətlərə toxunub, ümummilli liderin Azərbaycan – Rusiya münasibətlərinin inkişafında rolu barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda universitet tələbələri konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, səfər çərçivəsində İdris İsayev Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 nömrəli məktəbi ziyarət edib. Nazir müavininə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş məktəbin fəaliyyəti, eləcə də məktəb şagirdlərinin nailiyyətləri haqqında məlumat verilib. İdris İsayev sözügedən müəssisə ilə Azərbaycan Respublikasının ümumi təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, məktəbdə Azərbaycan dilinin tədrisinə müvafiq dəstəyin göstəriləcəyini bildirib.
İdris İsayev Həştərxan şəhərində yerləşən əlavə təhsil müəssisəsi olan “Kvantorium” uşaq texnoparkını, Həştərxan texniki liseyini də ziyarət edib, müəssisələrdə yaradılan şəraitlə tanış olub.
Daha sonra elm və təhsil nazirinin müavini İdris İsayev, Həştərxan vilayətinin təhsil və elm naziri Yeqor Uqarov və HDU-nun rektoru Konstantin Markelov arasında keçirilən görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib, bir neçə istiqamət üzrə əlaqələrin genişləndirilməsinə dair ilkin razılıq əldə olunub.
Tarix: 25-04-2023, 15:16
Xəbəri paylaş