Ulu Öndərin Prezident təqaüdü verdiyi tələbə hazırda ABŞ-da çalışır
Dövlət İmtahan Mərkəzinin (DİM) Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı ABŞ-ın "Transamerica Asset Manager" şirkətində aktivlərin idarə edilməsi üzrə menecer Rüfət Qaralov olub.
Rüfət Qaralov Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Prezident təqaüdünə layiq görülüb. O, 696 bal toplayaraq Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə qəbul olub. Rüfət Qaralov Heydər Əliyevin Prezident təqaüdçüləri ilə görüşünü belə xatırlayır: “Qəbul imtahanlarının nəticələri açıqlanan gün jurnalın arxasında şəklimi gördüm və universitetə qəbul olunduğumu öyrəndim. Nə qədər bal toplamağıma, neçənci yeri qazandığıma maraqlı deyildim, bunu o qədər də düşünmürdüm. Amma universitetə gəlib qeydiyyatdan keçəndən sonra bunun mənasını başa düşdüm.
Ulu Öndər Heydər Əliyev bir neçə tələbəni səhnədə qəbul edib onlara uğurlar arzuladı. Mən bu görüşü Azərbaycan dövlətinin ən ali səviyyədə insan resurslarına, biliyə, bacarığa verdiyi qiymət kimi dəyərləndirirəm. Çünki dövlətimiz həmin dövrdə, elə indi də insan resurslarının, insanların fərdi uğurlarının qiymətləndirilməsinin cəmiyyətə xeyrini ən ali səviyyədə qiymətləndirmişdi”.
Rüfət Qaralov bakalavr təhsilini başa vurduqdan sonra Amerikada investisiyaların idarə olunması, maliyyə bazarları üzrə magistratura təhsili alıb. 15 ildən çoxdur ki, investisiyaların idarə olunması üzrə fəaliyyət göstərir. O, qazandığı uğurlarda müəllimlərinin böyük zəhməti olduğunu bildirib: “Heç bir uğur tək insanla bağlı deyil. İnsanı ətrafında olan mühit yetişdirir. İndi də müəllimlərimlə əlaqə saxlayıb onlardan məsləhət alıram. Bu yaxınlarda müəllimlərimin biri mən yaşadığım ştata da gəlmişdi, qonağım oldu. Hər zaman öz müəllimlərimin mənə verdiyi biliyi, istiqaməti çox mühüm hesab edirəm”.
“Azərbaycanda tələbələrə təhsil müddətinə çox ciddi yanaşmalarını tövsiyə edirəm. Yaxşı təhsilin insana həyatı boyu çox böyük faydaları var. Bu sahədə nə qədər ciddi olsan, gələcək həyatda onun bəhrəsini o qədər yaxşı hiss edə bilərsən. Tələbələr Azərbaycan tarixini çox yaxşı oxusunlar. Çünki tarixini bilməyənin gələcəyi o qədər də parlaq olmur. Daima mütaliə etsinlər, özlərini inkişaf etdirsinlər. Universitetə qəbul olmaq istəyən tələbələrin bu sahələrə fikir verməsi və özlərini bu sahələrə hazır kadr kimi yetişdirmələrini qarşılarına məqsəd qoymağı məsləhət görürəm”, - deyə Rüfət Qaralov söyləyib.
AZƏRTAC
Tarix: 21-04-2023, 20:58
Xəbəri paylaş