Nazir müavini Naxçıvanda tələbələrlə görüş keçirib
Aprelin 18-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirib.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Rəşad Əlizadə və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev iştirak ediblər.
Ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən söz açan elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bunun nəticəsi olaraq Azərbaycan gəncləri günümüzün müasir, inkişaf etmiş qüvvəsi kimi formalaşıb. Nazir müavinin sözlərinə görə, hər bir ölkədə uğurlu gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən çox asılıdır.
Firudin Qurbanov insan kapitalının formalaşmasında təhsilin, bilik və bacarıqların rolundan da danışıb. Karyera seçimi ilə bağlı tövsiyələrini çatdıran nazir müavini müasir texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə əmək bazarında yeni peşələrin yarandığını və ölkəmizdə kadr hazırlığının müasir dövrün çağırışları və əmək bazarının tələblərinə uyğun həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Firudin Qurbanov bildirib ki, hər kəs seçim edərkən istedadını, hansı sahəyə marağının olduğunu, həmçinin müasir dövrün tələblərini nəzərə almalıdır.
Gənclərin vətənpərvər ruhda yetişməsinin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində qazanılan qələbəni diqqətə çatdıran Firudin Qurbanov əlavə edib ki, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi təhsil sisteminin qarşısında duran prioritet vəzifələrdəndir.
Sonra tələbələri maraqlandıran suallarla bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Firudin Qurbanov tələbələrə uğurlar arzulayıb.
Tarix: 18-04-2023, 21:30