Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin Baş Assambleyasının VI toplantısı keçirilib









Beynəlxalq Türk Akademiyası tərəfindən Əl-Farabi adına Qazax Milli Universitetinin dəstəyi ilə Almatı şəhərində Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin (TDUBAB) Baş Assambleyasının VI toplantısı keçirilib.
Tədbirdə Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Türkiyə Elmlər Akademiyasının prezidenti, prof. Müzəffər Şəkər, Əl-Farabi adına Qazax Milli Universitetinin rektoru Canseyit Tüymebayev, Türk Dövlətləri Təşkilatının Macarıstan Nümayəndəliyinin icraçı direktoru Yanos Hovari, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının prezidenti Künsulu Zəkarya, Qırğızıstan Respublikası Milli Elmlər Akademiyasının prezidenti Kanatbek Abdrahmatov, Monqolustan Elmlər Akademiyasının prezidenti Regdel Duger, Başqırdıstan Respublikası (RF) Elmlər Akademiyasının prezidenti Kamil Ramazanov, Tatarıstan Respublikası (RF) Elmlər Akademiyasının vitse-prezidenti Daniya Zagidullina, Özbəkistan Elmlər Akademiyasının baş katibi Respublika Qəyrət Bahadırov, eləcə də qardaş ölkələrin universitetlərinin rektorları və tanınmış alimlər iştirak ediblər.
İclasda TDUBAB-da sədrlik Qırğızıstan Respublikası Milli Elmlər Akademiyasından Tatarıstan Milli Elmlər Akademiyasına keçib.
Tədbirdə türk dövlətləri arasında elmi əməkdaşlığın hərtərəfli inkişafı, türk ölkələrinin son illərdə ekologiya sahəsində qarşılaşdıqları problemlər fonunda birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi imkanları, elmi tədqiqatların səmərəli istifadəsi, su ehtiyatları, müasir texnologiyaların inkişafı, yaşıl enerji və s. məsələlər müzakirə edilib. Həmçinin türk xalqlarının mədəniyyəti, ədəbiyyatı, dilləri və ortaq tarixi ilə bağlı humanitar elmlər sahəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, türk xalqlarının inteqrasiyasının hazırkı mərhələsində türk dövlətləri qarşısında duran aktual vəzifə türk ölkələri arasında elmin və elmi-texniki əməkdaşlığın, o cümlədən elmin bütün sahələrinin dərinləşdirilməsidir.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı iştirakçılar Beynəlxalq Türk Akademiyasının səlahiyyət dairəsinin təbiət və texniki elmlər hesabına genişləndirilməsinin vacibliyinə diqqət çəkiblər.
Şahin Mustafayev vurğulayıb ki, türk əməkdaşlıq təşkilatlarından biri olan Beynəlxalq Türk Akademiyası beynəlxalq təşkilat və elmi koordinasiya mərkəzi kimi türk dövlətləri arasında elmi əməkdaşlığın inkişafı üçün ortaq platformalar və mexanizmlər yaratmalıdır.
Bu kontekstdə 2015-ci ildə Beynəlxalq Türk Akademiyasının nəzdində yaradılmış Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin bir platforma kimi potensialının yenidən qiymətləndirilməsi təklif edilib.
Tərəflər belə qənaətə gəliblər ki, türk inteqrasiyasına yeni təkan vermək üçün elmi-texniki sahədə elmi mərkəzlər yaradılmalı və alimlər tərəfindən yenilikçi xüsusiyyətlərə malik birgə layihələr həyata keçirməlidirlər. Əslində, türk dünyasının gələcək onilliklər üçün inkişafının əsas hədəflərini özündə ehtiva edən bir növ yol xəritəsi olan “Türk Dünyasına Baxış - 2040” strateji sənədinin müvafiq müddəaları da bunu tələb edir.
İclasın sonunda iştirakçılar yekun sənədi qəbul edib, birliyin növbəti iclasının yerini və vaxtını dəqiqləşdiriblər.

www.science.gov.az 


Tarix: 17-04-2023, 12:30

Xəbəri paylaş