Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Hökumətlər süni intellekti tənzimləməyə çalışır





İtaliyanın Məlumatların Mühafizəsi Agentliyi bildirib ki, ABŞ-nin şirkəti aprel ayının sonuna qədər məlumatların qorunması və məxfilik tələblərinə əməl edərsə, OpenAI-nin ChatGPT süni intellekt (AI) texnologiyasına tətbiq etdiyi müvəqqəti qadağanı aradan qaldıracaq.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, “Microsoft” tərəfindən dəstəklənən OpenAI-nin ChatGPT kimi süni intellekt sahəsində sürətli irəliləyişlər hökumətlərin bu texnologiyadan istifadəni tənzimləyən qanunlar üzərində razılaşmaq səylərini çətinləşdirib. Yeni hesabatda milli və beynəlxalq idarəetmə orqanlarının süni intellekt alətlərini tənzimləmək üçün atdığı son addımlar təqdim edilib.
Avstraliyanın sənaye və elm nazirinin sözçüsü aprelin 12-də bildirib ki, hökumət bu ölkənin əsas elm-məşvərət orqanından süni intellektə necə cavab vermək barədə məsləhət istəyib və növbəti addımları nəzərdən keçirir. Böyük Britaniya bu ilin martında yeni bir qurum yaratmaq əvəzinə, süni intellektin idarə edilməsi məsuliyyətini insan hüquqları, sağlamlıq, təhlükəsizlik və rəqabət sahəsində tənzimləyici strukturlar arasında bölüşdürməyi üstün tutub. Çinin kiberməkan tənzimləyicisi aprelin 11-də generativ süni intellekt xidmətlərini idarə etmək üçün öz layihəsini açıqlayıb və firmaların ictimaiyyətə təkliflər təqdim etməzdən əvvəl səlahiyyətlilərə təhlükəsizlik qiymətləndirmələri təqdim etməsini tələb edib. Çinin İqtisadiyyat və informasiya texnologiyaları bürosu bildirib ki, bu ölkənin paytaxtı Pekin ChatGPT-yə meydan oxuya biləcək süni intellekt modellərinin yaradılmasında aparıcı müəssisələrə dəstək verəcək. Avropa İttifaqına gəldikdə, Avropanın milli məxfilik nəzarətçilərini birləşdirən Avropa Məlumatların Mühafizəsi Şurası aprelin 13-də ChatGPT-də işçi qrupu yaratdığını və bunun süni intellektdə məxfilik qaydalarının müəyyən edilməsi üzrə ümumi siyasətə doğru potensial əhəmiyyətli ilk addım olduğunu bəyan edib. Aİ qanunvericiləri süni intellektlə bağlı məhsul və ya xidmətləri təmin edən hər kəsi idarə edəcək Avropa İttifaqının “AI Aktı”nın tətbiqini müzakirə edirlər. Bu qanun məzmun, proqnozlar, tövsiyələr və ya mühitə təsir edən qərarlar yarada bilən sistemləri əhatə edəcək. Qanunvericilər müxtəlif süni intellekt alətlərinin risk səviyyəsinə görə təsnifatını da təklif ediblər.
Süni intellekti tənzimləmək məqsədilə Fransanın məxfiliyə nəzarət orqanı CNIL aprelin 11-də “söhbət qutusu”nun məxfilik qaydalarını pozması şübhəsi ilə İtaliyada müvəqqəti qadağan edilməsindən sonra ChatGPT ilə bağlı bir neçə şikayəti araşdırdığını bildirib. Fransa Milli Assambleyası 2024-cü il Paris Olimpiadası zamanı süni intellektlə videomüşahidədən istifadəni mart ayında təsdiqləyərək, vətəndaş hüquqları qruplarının texnologiyanın insan azadlıqlarına təhlükə yaratdığına dair xəbərdarlığına da məhəl qoymayıb. İtaliyanın Milli Məlumat Agentliyi isə mümkün məxfilik pozuntuları ilə bağlı narahatlıq ifadə etdikdən və istifadəçilərin 13 və ya daha yuxarı yaşda olması tələbi səbəbindən martın 31-də OpenAI-nin ChatGPT-yə müvəqqəti qadağa qoyub. Bu agentlik aprelin sonunadək OpenAI-nin ölkədə xidmətinin bərpa edilməsindən əvvəl məlumatların qorunması və məxfiliyə dair tələblərin yerinə yetirməsi üzrə son tarixi təyin edib.
Yaponiyanın rəqəmsal transformasiya naziri Taro Kono aprelin 10-da deyib ki, o, ChatGPT daxil olmaqla, süni intellekt texnologiyalarını müzakirə etmək və vahid G7 mesajı vermək üçün aprelin sonunda keçiriləcək G7 rəqəmsal nazirlərinin görüşünü istəyib. İspaniyanın Məlumatların mühafizəsi agentliyi (AEPD) aprelin 13-də ChatGPT tərəfindən potensial məlumat pozuntuları ilə bağlı ilkin araşdırmaya başladığını bildirib. AEPD, həmçinin Aİ-nin məxfiliyə nəzarət orqanından ChatGPT ilə bağlı məxfilik problemlərini qiymətləndirməyi xahiş edib.
Nəhayət, süni intellekt texnologiyalarının istehsalçısı olan ABŞ hökuməti də bu məsələni tənzimləmək məqsədilə təkliflər irəli sürüb. Bayden administrasiyası aprelin 11-də AI sistemləri üçün potensial hesabatlılıq tədbirləri ilə bağlı ictimai şərhlər axtardığını bildirib. Prezident Co Bayden əvvəllər elm və texnologiya məsləhətçilərinə süni intellektin xəstəliklər və iqlim dəyişikliyi ilə mübarizədə kömək edə biləcəyini deyib. Lakin o, bu texnologiyaların cəmiyyət, milli təhlükəsizlik və iqtisadiyyat üçün potensial risklərinin aradan qaldırılmasının da vacib olduğunu söyləyib.


Tarix: 15-04-2023, 15:15

Xəbəri paylaş