Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Neft-Kimya Prosesləri İnstitutunda akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib




Azərbaycanın görkəmli oftalmoloq alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2023-cü il tarixli Sərəncamından irəli gələrək, Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) tədbir keçirilib.
Tədbir institutun Qadınlar Təşkilatı tərəfindən təşkil edilib, qonaq qismində AMEA-nın Qadınlar Şurasının sədri və institutların Qadınlar təşkilatlarının sədrləri dəvət olunublar.
Tədbiri giriş sözü ilə açan NKPİ-nin baş direktoru, akademik Vaqif Abbasov ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verib, alimin oftalmologiyanın aktual məsələlərinə həsr olunnmuş elmi tədqiqat işlərinin daim yüksək qiymətləndirildiyini söyləyib. Akademik Vaqif Abbasov Zərifə xanım Əliyevanın yüksək intellekt və mədəniyyətini, vətənpərvərlik, xeyirxahlıq, təvazökarlıq kimi bütün nəcib keyfiyyətlərini özünəməxsus şəkildə tərənnüm etməklə bərabər, onun kübar qadın, qayğıkeş ana, sədaqətli ömür gün yoldaşı, dünya tibb elminə dəyərli töhfələr vermiş alim və həkim oftalmoloq kimi xalqın yaddaşında daim yaşadığını bildirib.
Sonra çıxış edən AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli alim akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə əlaqədar Neft-Kimya Prosesləri İnstitutunun keçirdiyi tədbir münasibətilə minnətdarlığını vurğulayıb. R.Mirzəzadə çıxışı zamanı Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı barədə rəsmi təqdimatla yanaşı, istedadlı alimin və görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin ailə portretinin hər bir cizgisi barədə xatirələrlə dolu və əhatəli şəkildə tədbir iştirakçılarına məruzə edib.
Professor Elmira Süleymanova isə çıxışında XX əsr Azərbaycan oftalmologiya məktəbinin yaradıcılarından akademik Zərifə xanım Əliyevanın uzun illər respublikanın iri sənaye müəssisəsində apardığı genişmiqyaslı elmi-tədqiqat işlərindən xüsusi bəhs edib. Bu tədqiqat işlərinin nəticələrinin isə Z.Əliyevanın “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında əks olunması barədə ətraflı məlumat verib.
Daha sonra NKPİ-nin aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Fəxriyyə Abdullayeva “Fədakar insanlar Günəş kimidir” adlı məruzəsində öz nümunəvi və çoxşaxəli fəaliyyəti ilə Azərbaycana və bütün dünyaya işıq saçmış görkəmli dövlət xadiminin övladı, həyat yoldaşı və anası kimi şöhrətin ən uca mərtəbəsinə yüksəlmiş, həmçinin özünün qazandığı insanlıq zirvəsini ətraflı şəkildə tərənnüm edib.
Sonda Bakı Avropa liseyinin 11-ci sinif şagirdi Mədinə Babayeva dahi şəxsiyyət Zərifə xanım Əliyevanın nəcib keyfiyyətlərini xüsusi şəkildə vurğulamaqla, Zərifə xanım kimi Azərbaycan xanımlarının tərbiyəvi əhəmiyyət və şərəf dolu həyat yollarının yeni nəsil üçün böyük məktəb olduğunu söyləyib.

www.science.gov.az 


Tarix: 13-04-2023, 12:22

Xəbəri paylaş