Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan və Qazaxıstan elmi sahədə əməkdaşlığı genişləndirir





Azərbaycan və Qazaxıstan elmi sahədə əməkdaşlığı genişləndirir

Azərbaycanın və Qazaxıstanın aparıcı ali təhsil müəssisələri arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin ali təhsil müəssisələrində elmi-pedaqoji təcrübə keçmək üçün tələbələrin mütəmadi mübadiləsi aparılır.
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev söyləyib. O bildirib ki, 2017-ci ildə Qazaxıstanın Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil Nazirliyi (indiki Elm və Təhsil Nazirliyi) arasında təhsil sahəsində əməkdaşlıq, hər iki ölkə vətəndaşları üçün hüquq bərabərliyi və təhsil imkanlarının təmin edilməsi, təcrübə mübadiləsinin aparılması haqqında saziş imzalanıb. Bu saziş təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, təhsillə bağlı dövlət tərəfindən verilən sənədlərin tanınması məsələlərini də ehtiva edir. 2020-ci ildə Qazaxıstan Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında yüksəkixtisaslı elmi və pedaqoji kadrların sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
İki ölkənin ali təhsil müəssisələri arasında da əlaqələr mövcuddur. Bu mənada, Bakı Dövlət Universitetinin Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universiteti, Əl-Farabi adına Qazax Milli Universiteti, Abay adına Qazax Milli Pedaqoji Universiteti, Kozybayev Şimali Qazaxıstan Dövlət Universiteti, Qazaxıstan-Amerika Universiteti, Aktaudakı Yesenov Universiteti, Şərqi Qazaxıstan Texniki Universiteti, Atırau Dövlət Universitetinin Memarlıq və İnşaat Akademiyası ilə tərəfdaşlıq müqavilələri var. İki ölkənin elmi-tədqiqat institutları da əməkdaşlığı inkişaf etdirir. Qazaxıstanın 43, Azərbaycanın 64 universitet və elmi-tədqiqat institutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Qazaxıstanın elm və təhsil sahəsində əməkdaşlıq etdiyi digər mühüm platforma Türkiyə Universitetlər Birliyidir. Türk Dövlətləri Təşkilatları çərçivəsində fəaliyyət göstərən bu platformanın məqsədi türk dövlətləri universitetləri arasında əməkdaşlığın institutlaşdırılmasına nail olmaqdır. Azərbaycandan 5 universitet (Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti) və Qazaxıstandan 7 ali məktəb (Əl-Farabi adına Qazax Milli Universiteti, Qumilyov adına Avrasiya Dövlət Universiteti, Ahmet Yesevi adına Beynəlxalq Qazax-Türk Universiteti, Nazarbayev Universiteti, Atırau Dövlət Universiteti, Semey Tibb Universiteti, Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti) bu birliyin üzvüdür. Bu universitetlər öz aralarında da əməkdaşlığı inkişaf etdirirlər. Bundan əlavə, Qazaxıstanın Aktau Dövlət Universiteti və Atırau Neft və Qaz İnstitutu Xəzəryanı Dövlət Universitetlərinin Assosiasiyası çərçivəsində Azərbaycan Dövlət Texniki Universiteti ilə əlaqələri inkişaf etdirir.
“Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq çoxtərəfli beynəlxalq platformalar müstəvisində də intensiv şəkildə inkişaf edir. Bu əməkdaşlığın ən gözəl nümunəsi mənim də prezidenti olduğum Beynəlxalq Türk Akademiyasıdır. Azərbaycan 2010-cu ildə Astanada yaradılmış Akademiyanın təsisçi üzvüdür.
Türk Akademiyası türk dövlətləri arasında elm və təhsil sahələrində inteqrasiyanın həyata keçirilməsi üçün çalışır. Üzv ölkələrin elm və təhsil nazirləri Akademiyanın Elmi Şurasının üzvləridir. Bu kontekstdə Qazaxıstan və Azərbaycanın müvafiq nazirlikləri daim əlaqə saxlayırlar. Məsələn, ötən il Astanada keçirilən elmi şuranın iclasında iştirak etmək üçün gələn Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev də Qazaxıstanda rəsmi səfərdə olub və həmkarı, Qazaxıstanın təhsil naziri Aşat Aymağanbetov, habelə elm və ali təhsil naziri Sayasat Nurebekin ilə görüşüb. Emin Əmrullayevin həmin günlərdə yenidən nazir vəzifəsinə təyin olunmuş Sayasət Nurebekin ilk xarici qonağı olması da əlamətdar bir hadisədir. Türk Akademiyası beynəlxalq təşkilat olduğu üçün burada çalışan mütəxəssislərin milliyyəti bir o qədər də əhəmiyyətli deyil. Lakin buna baxmayaraq hesab edirəm ki, mənim Azərbaycan vətəndaşı olmağım Qazaxıstanla Azərbaycan arasında elmi əlaqələrin daha da inkişafına töhfə verəcək”, - deyə Ş.Mustafayev qeyd edib.



Tarix: 13-04-2023, 12:17

Xəbəri paylaş