BDU-da MİQ imtahanlarının nəticələri müzakirə olunub
Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsi tərəfindən 2022-ci il üzrə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının nəticələrinin analitik təhlilinə dair müzakirə təşkil olunub. Görüşlərin əsas məqsədi pedaqoji kadr hazırlığı, MİQ imtahanlarında məzunların əldə etdikləri nəticələri ali təhsil müəssisələri ilə birgə müzakirə etmək, təklifləri dinləməkdir.
Müzakirələr nazirliyin İnsan resursları şöbəsi tərəfindən pedaqoji kadr hazırlayan əsas ali təhsil müəssisələrində ardıcıl surətdə təşkil olunur.
BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov əmək bazarının tələblərinə cavab verən, yüksəkixtisaslı kadrların hazırlanmasının BDU-nun əsas prioritetlərindən olduğunu qeyd edib, tədris və elm sahəsində son dövrlər həyata keçirilən yeniliklər barədə məlumat verib. O, MİQ imtahanlarının nəticələrinin müzakirəsinin əhəmiyyətini vurğulayaraq, bunun gələcək fəaliyyətdə nəzərə alınacağını bildirib.
Sonra nazirliyin İnsan resursları şöbəsinin məsləhətçisi Ülvi İsmayılov mövzu üzrə təqdimatla çıxış edib, fənlər üzrə statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb. MİQ imtahanlarının nəticələrinin təhlilinə əsasən, BDU məzunlarının ilk sıralarda yer aldığı qeyd olunub.
Maraqla qarşılanan təqdimatdan sonra professor-müəllim heyətinin çoxsaylı sualları cavablandırılıb, pedaqoji kadr hazırlığı ilə bağlı qarşıda duran hədəflər müzakirə olunub, analitik təhlilin nəticələrinin gələcək qəbul və tədris planlarının tərtibində önəmli rol oynayacağı vurğulanıb.
Tarix: 5-04-2023, 14:35