Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Türk alimlər Nobel mükafatına bir addım da yaxınlaşdılar


"Dünyada xərçəngin immunoterapiyasında Özlem Türeci və Uǧur Şahin qədər təcrübəyə malik olan elm adamları, demək olar ki, yoxdur”


Almaniyanın nüfuzlu elmi mükafatlarından hesab olunan Meyenburg mükafatı bu il biotexnologiya şirkəti olan "BioNTech"in qurucusu və icraçı direktoru, Mayns Universitetinin III Tibb Klinikasının  eksperimental onkologiya üzrə professoru Uǧur Şahinə, xanımı "BioNTech"in həmtəsisçisi, Mayns Universitetinin professoru  Özlem Türeciyə, eləcə də Pensilvaniya Universitetinin (ABŞ), Szeged Universitetinin (Macarıstan) immunologiya professoru Katalin Karikoya təqdim olunub. Tədqiqatçılar bu mükafata xərçəngə qarşı peyvəndlərin və immunoterapiyaların hazırlanmasında böyük töhfələrinə görə layiq görülüblər.  Mükafat qaliblərə Helmholtz Onkologiya İnstitutunun (HI-TRON) Mainz illik simpoziumunda təqdim olunub.
 
Meyenburq Fondunun İdarə Heyətinin üzvü və Heydelberq Universiteti Milli Xərçəng Araşdırmaları Mərkəzinin (NCT Heidelberg)  idarəedici direktoru Stefan Fröhling türk  alimlərin mükafata layiq görülməsini belə izah edib: "Dünyada xərçəngin immunoterapiyasında Özlem Türeci və Uǧur Şahin qədər təcrübəyə malik olan elm adamları, demək olar ki, yoxdur.   Hər ikisi mRNA əsaslı xərçəng peyvəndləri sahəsində qabaqcıllardır. Öz növbəsində, bu texnologiya yalnız Katalin Karikonun fundamental işi sayəsində mümkün olmuşdur. Meyenburq Mükafatı üç tədqiqatçının yüksək nailiyyətlərini tanıyır. Onların araşdırmaları gələcəkdə xərçəng xəstələrinin sağ qalmasını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq."
 
Özlem Türeci və Uǧur Şahin müxtəlif növ immunoterapiyaların  və xərçəng peyvəndinin hazırlanmasında beynəlxalq səviyyədə tanınmış alimlərdir.  Xərçəngə qarşı peyvənd hazırlamaq virusa qarşı peyvənd hazırlamaqdan çox fərqli bir məsələdir. Viruslar insanın immun sisteminə əsas etibarilə yaddır. Normal toxumadan əmələ gələn şiş hüceyrələri isə immun sisteminə onları sağlam hüceyrədən ayırmağa imkan verən yalnız bir neçə xərçəng xarakterik xüsusiyyətləri daşıyır. Onilliklər ərzində apardıqları araşdırmalar nəticəsində Türeci və Şahin immunitet sistemini aktivləşdirməyə qadir olan bu cür xüsusiyyətləri müəyyən etməyə müvəffəq olublar.
 
Uǧur Şahin və Özlem Türeci elmi nailiyyətlərinə görə artıq bir sıra mükafatlara, o cümlədən Almaniyanın Federal Prezidenti tərəfindən verilən Paul Ehrlich və Ludwig Darmstaedter (2022)  mükafatına layiq görülüblər. 2020-ci ildə hər ikisi “Financial Times” tərəfindən "İlin adamı" seçiliblər. 2021-ci ildə Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin Böyük Xaçı (ulduzlu) ilə təltif ediliblər.  Katalin Kariko ilə birlikdə Türeci və Şahin 2022-ci ildə Texniki və Elmi Tədqiqat üzrə Avstriya Şahzadəsi Mükafatını alıblar.
 
Meyenburq Fondu bu mükafatı 1981-ci ildən təltif edir. Normal olaraq hər il xərçəng tədqiqatında görkəmli nailiyyətlərə görə təqdim edilən mükafat Almaniyada ən yüksək elm mükafatlarından biridir. 
 
Bu mükafatın əhəmiyyəti həm də çoxsaylı Meyenburq mükafatı laureatlarının artıq Nobel mükafatına layiq görülməsində əks olunur: Endryu Fayr, Meyenburq laureatı 2002 (Tibb üzrə Nobel mükafatı 2006), Elizabeth Blackburn, Meyenburg laureatı 2006 (Nobel mükafatı, tibb üzrə 2009), Shinya Yamanaka, Meyenburq laureatı 2007 (Tibb üzrə Nobel Mükafatı 2012), Stefan Hell, Meyenburq laureatı 2011 (Kimya üzrə Nobel Mükafatı 2014).

 
Oruc MUSTAFAYEV
www.muallim.edu.az


Tarix: 3-04-2023, 13:24

Xəbəri paylaş