"Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirələrin təşkilinə start verilib
Tədbirin açılış mərasimi və tələbələr üçün ilk mühazirə Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar.
Dövlət Himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
SOCAR-ın mətbuat katibi Orxan Hüseynovun moderatorluğu ilə keçirilən tədbirdə “Heydər Əliyev İli” çərçivəsində təşkil olunacaq mühazirələr haqqında ümumi məlumat verilib, daha sonra “Ulu öndər və Azərbaycan gəncləri” adlı videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən BANM-in rektoru Elmar Qasımov Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əldə olunan mühüm nailiyyətlərin təməlini qoyduğunu vurğulayıb.
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov 1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi ağır böhran vəziyyətindən bəhs edərək ümummilli liderin yeni neft strategiyasının uğurlu icrası nəticəsində yalnız neft sənayemizin deyil, bütövlükdə ölkəmizin hərtərəfli inkişafının təmin olunduğunu qeyd edib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Heydər Əliyevin ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyət olduğunu bildirib.
Firudin Qurbanov gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi, istedadlı şəxslərin üzə çıxarılması, dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi istiqamətində ümummilli lider tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Nazir müavini əsası ulu öndər tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti nəticəsində vətənpərvər ruhda yetişən gənc nəslin 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı möhtəşəm qələbədə mühüm rol oynadığını diqqətə çatdırıb. Firudin Qurbanov Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətlərinin xalqımızın tarixi yaddaşında daim yaşayacağını vurğulayıb.
Qeyd edək ki, il ərzində keçirilməsi nəzərdə tutulan silsilə mühazirələr ölkəmizin aidiyyəti ali təhsil müəssisələrində təşkil olunacaq. Habelə, bir sıra orta məktəb şagirdlərinin SOCAR-ın müxtəlif müəssisələrinə səfərləri baş tutacaq.
Tarix: 29-03-2023, 11:00
Xəbəri paylaş