Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

36 yaşında akademik olan azərbaycanlı rəssam











Daim axtarışdayam...
İşə sevgi və zəhmət qatanda qazanc da öz yerini tapır...

Son vaxtlar sosial şəbəkələrdə Nihad Əliyevin əsərləri ilə tez-tez rastlaşırıq. Göyçay rayonunda yaşayan və fəaliyyət göstərən gənc rəssam Azərbaycanın, eləcə də Avropanın görkəmli şəxsiyyətlərinin portretlərini çəkməklə məşğuldur. Nihad həm də ötən il incəsənət sahəsində fəaliyyətinə görə Almaniya hökuməti tərəfindən akademik fəxri adına layiq görülüb. O, həm də 7 dildə danışmağı bacarır. Onunla söhbətimizə də bir növ uğurları və istedadı təkan verdi...
- Əsasən tanınmış şəxslərin portretini çəkirsiniz, niyə məhz bu istiqamətə daha çox üstünlük verirsiniz?
- Tanınmış şəxsiyyətlərin portretlərini və tarixi mövzulara aid rəsm əsərləri çəkməkdə məqsədim həm bugünkü, həm də gələcək nəslə tariximizi tanıtmaqdan ibarətdir. XXI əsr informasiya əsridir. Bu səbəbdən sosial şəbəkələrin həyatımızdakı rolu danılmazdır. Əsərlərimin sosial şəbəkələrdə yayımlanması onları bugünkü və gələcək nəsillərə ötürmək üçün əlverişli şərait yaradır.
- Ən çox hansı məşhurun şəklini həvəslə işləmisiniz?
- Çəkdiyim rəsm əsərlərinin hər biri mənə həyatım qədər dəyərlidir. Rəssamlıqda peşəkarlığın yüksək zirvəsinə ucalmaq istəyirsənsə,  işlədiyin əsərlərin hər birini özün qədər sevməlisən.
- Peşəkar rəssam olduğunuzu deyirsiniz. Peşəkarlıq anlayışı sizin üçün tam olaraq nəyi ifadə edir?
- Peşəkarlıq dedikdə yüksək dərəcədə hər hansı bir bacarığa malik olmaq anlayışına gəlirik. Rəssamın peşəkarlığı onun əsərlərindəki qeyri-adiliyin səviyyəsindən asılıdır. Peşəkar olduqdan sonra, qarşıya qoyulan məqsəd  peşəkarlığın yüksək zirvəsinə ucalmaqdır. Mən də öz üzərimdə çalışaraq, yaradıcılıqda peşəkarlığın yüksək zirvəsinə ucalıb dünya şöhrətli rəssamlar sırasında olmağı hədəfləmişəm.
- İxtisasca iqtisadçısınız. Bir rəssam kimi dünyanın bugünkü iqtisadi mənzərəsini necə təsvir edərdiniz?
- Hər bir ölkənin öz milli iqtisadiyyatı mövcuddur. Milli iqtisadiyyat - vahid dövlətdəki təsərrüfat subyektlərinin sosial-iqtisadi əlaqələrinin cəmidir. Bütün milli iqtisadiyyatlar bir-birilə əlaqəlidir, hamısı beynəlxalq əmək bölgüsündə iştirak edir. Beynəlxalq əmək bölgüsü isə ölkədaxili əmək bölgüsünün inkişafı əsasında yaranan, ictimai əmək bölgüsünün xüsusi növüdür.
- Xaricdə və ya ölkə daxilində keçirilən sərgilərdə əsərləriniz nümayiş olunubmu?
- Mən Azərbaycanda və 32 xarici ölkələrdə böyük uğurlar  qazanmış sənətkaram. Türkiyə, Ukrayna, Pakistan, Rusiya, İtaliya, Almaniya, Fransa, İngiltərə, Hollandiya, Norveç, Yunanıstan, Macarıstan,  Slovakiya, Xorvatiya, ABŞ (Amerika Birləşmiş Ştatları), Hindistan, İndoneziya, Filippin, Avstraliya, Mərakeş, Qətər, Əlcəzair, Liviya, Misir, İraq, Suriya, Butan, Malayziya, Braziliya, Venesuela, Argentina, Çili uğur qazandığım ölkələr sırasındadır. 
- Elə bir əsəriniz varmı ki, özünüzün şah əsəri hesab edəsiniz?
- Qeyd etdiyim kimi, çəkdiyim rəsm əsərlərinin hər biri mənə həyatım qədər dəyərlidir və hər birinin həyatımda böyük rolu var. Mən daim maraqlı mövzular axtarışındayam. Düşünürəm ki, vaxt gələr, peşəkarlığın yüksək zirvəsinə ucalanda şah əsərimin hansı olacağı da bəlli olar.
- Bu sənətdən gəlir əldə edə bilirsinizmi?
- Məncə, sevgi ilə çəkilən rəsm əsəri qazanc xatirinə çəkilən rəsm əsərindən dəyərlidir. Rəssamlıq üzrə karyera yüksəlişinə doğru inkişaf etmək arzusunda olan rəssam, qazancından asılı olmayaraq, daim çalışmalıdır. İstedadlı rəssamın zəhməti nəticəsində nə vaxtsa onun qazancı da qaneedici olur. Heç vaxt ruhdan düşmək lazım deyil, Allah heç kimin zəhmətini yerdə qoymaz. İşə sevgi və zəhmət qatanda qazanc da öz yerini tapır.
- Ölkəmizdə professional və qeyri-professional rəsmləri fərqləndirə bilən auditoriyalar varmı?
- Hələ ki, yoxdur. Amma gözəl olar ki, İtaliya, Fransa və Hollandiyada olduğu kimi, Azərbaycanda da professional və qeyri-professional rəsmləri fərqləndirə bilən auditoriyalar təşkil olunsun.
- Göyçayda yaşayıb fəaliyyət göstərirsiniz. Bunun sənətinizə təsiri varmı?
- Böyük şəhərlərdən fərqli olaraq burada rəsm əsərlərinin satışı yüksək dərəcədə deyil və rəsm əsərləri sifarişi üzrə tələbat üstünlük təşkil eləmir. Harada yaşamasından asılı olmayaraq, istedadı olan adamın yaradıcılığının sədası bir gün hər tərəfə yayılır. Qısası, istedadın məkanı və zamanı olmur.
- Gələcəklə bağlı hansı planlarınız var?
- Ancaq öz üzərimdə çalışıb, dünyanın möhtəşəm sərgilərində və müsabiqələrində iştirak etmək arzusundayam. Həmçinin Azərbaycanda və dünyanın digər ölkələrində fərdi sərgilərimi təşkil etmək istəyirəm.
- Son dövrlər əldə etdiyiniz uğurlarınız arasında akademik adına layiq görülməyiniz də var, bizə daha hansı uğurlarınızdan bəhs edə bilərsiniz?
- “Qafqaz Media İctimai Birliyi” tərəfindən, “İlhamlı Azərbaycan” döş nişanı və “Xarı Bülbül” medalıyla təltif olunmuşam. 2021-ci ildə, “Diamonds of Turkey Awards 2021” Azərbaycan layihəsində “Türkiyənin Brilliant Simaları” mükafatına layiq görüldüm. 2021-ci ildə, Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarıyla, rəssamlıq sahəsində göstərdiyim uğurlu fəaliyyətimə görə, “İlin Adamı” media mükafatıyla təltif olunmuşam. 2021-ci ildə, Ümumdünya İncəsənət Təşkilatı tərəfindən  beynəlxalq “Doktorluq dərəcəsi” sertifikatıyla təltif olundum. 2022-ci ilin avqust ayında Almaniyanın Beynəlxalq Ədəbiyyat, İncəsənət və Kommunikasiya Akademiyasının həqiqi üzvü seçildim və “Akademik” adına layiq görüldüm.

Günel ABBAS

https://www.yeniazerbaycan.com/Musahibe_e82166_az.html


Tarix: 16-03-2023, 14:45

Xəbəri paylaş