DOST Agentliyi və Bakı Dövlət Universiteti arasında Birgə Fəaliyyət Planı imzalanıb
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və Bakı Dövlət Universiteti
(BDU) arasında imzalanmış anlaşma memorandumunun icrası üzrə Birgə Fəaliyyət
Planı imzalanıb. Sənədi DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və
BDU-nun rektoru Elçin Babayev imzalayıblar. Sözügedən Birgə Fəaliyyət Planı 6
fəaliyyət istiqaməti üzrə 22 tədbiri əhatə edir.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qeyd edib ki, imzalanan
Birgə Fəaliyyət Planı qarşılıqlı əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinin
təkmilləşdirilməsinə, sosial təminat və məşğulluq sahəsində vətəndaş məmnunluğunun
təmin edilməsinə töhfə verəcək.
BDU-nun rektoru Elçin Babayev Plana uyğun olaraq BDU və DOST Agentliyinin iştirakı
ilə sosial əhəmiyyət kəsb edən istiqamətlərdə yerli və beynəlxalq təşkilatlarla birgə
layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Görüşdə həmçinin Birgə Fəaliyyət Planına uyğun olaraq "DOST" mərkəzlərində
yaradılması nəzərdə tutulan "Sosial iş və psixologiya klinikası"nın əhəmiyyəti qeyd
edilib.
Qeyd edək ki, DOST Agentliyi ilə Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlığa
dair anlaşma memorandumu ötən ilin aprel ayında imzalanıb.
Tarix: 14-03-2023, 21:15