Heydər Əliyev və Azərbaycandan kənarda ali təhsilli kadr hazırlığı
Ümummilli Liderin təhsil diplomatiyası və ya milli ruhun inkişafı
Ulu Öndər Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən mühüm göstəricisi Respublikada azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin keçmişin bütün buxovlarından azad olması, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərin güclənməsinə, real siyasi amilə çevrilməsinə nail olunmasıdır. Ulu Öndərin keçən əsrin 60-cı illərinin axırlarında siyasi hakimiyyətə gəlişi, Azərbaycanın tərəqqiyə dönüşü, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünüqayıdışa dönüşün başlanğıcı oldu. Milli ruhun inkişafına, milli özünüdərkin və milli qürurun yüksəlməsinə səbəb oldu.
Böyük inkişaf yolu
Ulu Öndər o illəri xatırlayaraq deyirdi ki, XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri elmin, təhsilin sürətlə inkişaf etməsidir. 1920-ci ildən 1991-ci ilə qədər Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil olmamışdır, ancaq Azərbaycan xalqı böyük inkişaf yolu keçmişdir. Həmin illərdə, daha doğrusu Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk mərhələsində Azərbaycanın şəhər, kənd və qəsəbələrində 770-ə qədər məktəb binası istifadəyə verilmiş, respublikada ali məktəblərin sayı 12-dən 17-ə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırılmışdı. Qətiyyətlə demək olar ki, Azərbaycanın inkişafının mühüm dövrü kimi səciyyələndirilən XX əsrin 70-80-ci illəri xalqımızın qəlbində, düşüncəsində illərlə yığılıb qalmış milli ideyanın - azadlıq, müstəqillik, suveren Azərbaycan dövləti ideyalarının canlanmasına, gələcəkdə qüdrətli milli azadlıq hərəkatının ideya - mənəvi əsası və hərəkətverici qüvvəsi dərəcəsinə yüksəlməsinə zəmin yaratdı. Bu illərdə Ulu Öndərin uzaqgörənliklə istiqamətləndirdiyi ən dəyərli təhsil ənənələri sırasında azərbaycanlı gənclərin Respublikamız üçün gərəkli ixtisaslara yiyələnmələrindən ötrü keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilməsi təcrübəsi idi. Bu yolla Azərbaycanın elmi və kadr potensialının yüksəldilməsi ilə yanaşı, ən qabiliyyətli gənclərimizin vasitəsi ilə xalqımızın mədəniyyətinin, mənəvi-əxlaqi dəyərlərinin təbliği kimi çox vacib bir məsələ də yerinə yetirildi.
O dövrdə reallaşdırılan məqsədyönlü siyasətin nəticəsidir ki, indi Rusiyada və digər keçmiş İttifaq dövlətlərində güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Diasporumuzun ən fəal üzvləri Ulu Öndərin 70-80-ci illərdə Azərbaycandan kənarda ali təhsil almaq üçün göndərdiyi tələbələrdir.
Azərbaycandan kənarda təhsil: tarixi aspekt
Azərbaycandan kənarda təhsil almaq üçün gənclərin göndərilməsi ideyasının tarixi qədimdir. Hələ orta əsrlərdə azərbaycanlı gənclər Şərqin tanınmış məktəb və mədrəsələrində təhsil almış Şərqdə elmin və mədəniyyətin inkişafına dəyərli töhfələr vermişlər. Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra bu tendensiya dəyişdi. Azərbaycanlı gənclər təhsil almaq üçün Rusiyanın və Avropanın tanınmış təhsil ocaqlarına üz tutdular. Azərbaycan Demokratik Respublikasında bu ideyanın gerçəkləşməsi üçün real addımlar atıldı, 100 nəfərə yaxın gənc Rusiyanın, Türkiyənin və Avropanın tanınmış elm və təhsil mərkəzlərinə yola salındılar. Çox təəssüf ki, onların taleyi uğurlu olmadı. Azərbaycan 1920-ci il aprelin 28-də bolşeviklər tərəfindən yenidən işğal olundu. Demokratik hökumətin xaricə göndərdiyi tələbələr təqaüddən məhrum edildilər. Onların bəziləri vətənə qayıtdı, bəziləri isə xaricdə təhsillərini yarımçıq qoyaraq başqa sahədə işləməyə başladılar. Vətənə qayıdanların da taleyi uğurlu olmadı, onlar Stalin repressiyasının qurbanlarına çevrildilər.
Azərbaycanın milli sərvəti
1970-80-ci illərdə Ulu Öndərin şəxsi təşəbbüsü və qayğısı sayəsində bu ideya praktik həllini tapdı. Keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15000-dək azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yarandı. Ulu Öndər Azərbaycandan kənarda təhsil alan gəncləri diqqət mərkəzində saxlayır, onların inkişafına hər cür qayğı göstərir, onları “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” adlandırırdı. Ümummilli Lider hər il avqust ayının axırlarında vətəndən kənarda təhsil alacaq tələbə gənclərlə respublikanın partiya və sovet fəallarının görüşünü keçirir, orada dərin məzmunlu çıxışı ilə öz tövsiyələrini verirdi. O, 29 avqust 1981-ci ildə tələbə gənclərin respublikanın partiya və sovet fəalları ilə görüşündəki nitqində demişdi: “Azərbaycan KP MK-nın gördüyü tədbirlər özünü tamamilə doğruldur. Ali məktəblərə layiqli gənclərin gəlməsini təmin edir. Respublikadan gənclərin bir çox qruplarının Moskva, Leninqrad və digər şəhərlərin ali məktəblərində oxumağa göndərilməsi praktikası yüksəkixtisaslı kadrlar hazırlanmasında mühüm istiqamətdir. İndi bizim respublikada xalq təsərrüfatının daha kəskin ehtiyac hiss etdiyi ixtisaslar üzrə Sovet İttifaqının ən yaxşı tədris müəssisələrində hazırlanmış böyük kadr dəstəmiz vardır. Bu il başqa şəhərlərin ali məktəblərinə 853 nəfər, o cümlədən, 1-ci kursa 720 nəfər göndərilir. Bundan əlavə 42 nəfər Kiyev Mülki Aviasiya İnstitutuna qəbul olunmuşdur. Bu il Azərbaycandan cəmi 3600 oğlan və qız Sovet İttifaqının müxtəlif ali məktəblərində 244 ixtisas üzrə təhsil alacaqlar”.
Tədris ocaqlarının coğrafiyası
Azərbaycanlı tələbələrin respublikadan kənarda ali təhsil alacaqları tədris ocaqlarının coğrafiyası və kadr hazırlığı istiqaməti müxtəlif idi. Demək olar ki, keçmiş İttifaqın ən nüfuzlu universitet və institutları seçilmişdi. Milli məktəblərimizin məzunlarının ümumi şərtlər daxilində həmin ali təhsil ocaqlarına qəbulu çox çətin idi. Həmin ali təhsil müəssisələrinin içərisində M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Energetika İnstitutu, Moskva Kimya Maşınqayırma İnstitutu, Moskva Dəzgahqayırma İnstitutu, P.Lumumba adına Xalqlar Dostluğu Universiteti, Leninqrad Soyuducu Cihazlar Sənayesi İnstitutu, Aviasiya Cihazqayırma İnstitutu, Kiyev Politexnik İnstitutu, Belarusiya Kənd Təsərrüfatı Mexanikləşdirmə İnstititutu, Surikov adına Moskva Rəssamlıq İncəsənət İnstitutu, Muxina adına Leninqrad Ali Rəssamlıq Sənaye Məktəbi, Xarkov Rəssamlıq Sənaye İnstitutu, Dövlət Teatr Sənəti İnstitutu, Moskva Kənd Təsərrüfatı Mühəndisləri İnstitutu, Ryazan Radiotexika İnstitutu, Leninqrad Toxuculuq və Yüngül Sənaye İnstitutu, Ukrayna Kənd Təsərrüfatı Akademiyası və s. mühüm yer tuturdu.
Azərbaycanın gələcəyinə istiqamətlənmiş tədbirlər
Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər respublikamızdan kənara hər il 47 nəfər ali təhsil almağa göndərilirdi. Halbuki plan 60 nəfər idi. Qeyd etmək yerinə düşər ki, göndərilən 47 nəfərin az bir hisssini azərbaycanlılar təşkil edirdi. SSRİ-nin tanınmış məktəblərində azərbaycanlılar üçün ayrılmış yerlərə respublikamızda yaşayan erməni və digər millətin nümayəndələri göndərilirdi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu tendensiya qısa bir müddətdə dəyişdi. Əgər 1969-cu ildə SSRİ-nin tanınmış ali məktəblərinə cəmi 47 nəfər göndərilmişdisə, 1975-ci ildə onların sayı 700 nəfərə çatdı. 1975-ci ildən başlayaraq azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması intensiv xarakter aldı. 1978-ci ildən başlayaraq hər il kənara 800-900 nəfər tələbənin göndərilməsinə nail olundu. Əvvəlki illərlə müqayisədə həm tələbələrin, həm ali məktəblərin və həm də ixtisasların sayı sürətlə artdı. Faktlara diqqət yetirək: 1977-ci ildə 1970-ci illə müqayisədə göndərilən tələbələrin sayı 14 dəfədən çox artaraq 818 nəfərə, ixtisasların sayı 5 dəfə artaraq 244-ə çatmış, ali məktəblərin sayı 140-a, ali məktəblərin yerləşdiyi şəhərlərin coğrafiyası genişlənərək 40-a yüksəlmişdi. Bu proses sonrakı illərdə də (1978-1982) intensiv olaraq artmış, 1978-ci illə müqayisədə 1982-ci ildə tələbələrin sayı 11% artmış, ali məktəblərin sayı 151-dən 170-ə yüksəlmiş, ixtisasların sayı 244-dən 250-yə qalxmış, ən zəruri istiqamətlərin sayı 80-ə çatmışdır. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların xüsusi çəkisi 1970-ci ilədək 40% təşkil edirdi. 1976-cı ildə bu rəqəm 85%-ə, 1977-ci ildə 92%-ə, 1980-ci illərin əvvəllərində isə 98%-ə yüksəlmişdi. Bu yüksək tarixi-mədəni nailiyyət Ulu Öndərin Azərbaycanın gələcəyinə istiqamətlənmiş qlobal tədbirlərin tərkib hissəsi idi.
Keçən əsrin 70-ci illərində özünün ən yüksək mərhələsinə çatmış bu tarixi-mədəni və təhsil ənənələrinin inkişafının Azərbaycanın gələcək inkişafına hədəflənməsindən bəhs edən Ulu Öndər Azərbaycan gənclərinin I Forumunda demişdi: “Burada 70-80-ci illərdə hər il 800-900 nəfər gəncin Azərbaycandan kənarda olan təhsil ocaqlarına göndərilməsi yada salındı. Doğurdan da, hər il burada, bu salonda biz həmin gəncləri Moskvaya, Leninqrada, Kiyevə, başqa-başqa şəhərlərə yola salırdıq, onlara xeyir-dua verirdik, onları yüksək təhsil almaq üçün, yaxud bizim respublikamızda olmayan ixtisasları mənimsəmək üçün həmin təhsil mərkəzlərinə göndərirdik. Bunlar öz bəhrəsini verir. Burada deyildi ki, indi həmin təhsil ocaqlarında təhsil almış, mütəxəssis kimi fəaliyyət göstərən şəxslərin cəmiyyəti yaranıb. Mən bu cəmiyyəti salamlayıram, ona çox böyük ehtiramımı bildirirəm və çalışacağam ki, bu cəmiyyətin üzvləri ilə görüşüm. Çünki vaxtilə belə kadrların hazırlanması üçün mən xeyli səylər göstərmişəm”.
Unudulmaz görüş
21 may 1998-ci ildə Ulu Öndər respublikamızdan kənarda təhsil almış mütəxəssislər Cəmiyyətinin üzvləri ilə görüş zamanı demişdir: “1970-1980-ci illərdə Azərbaycandan kənarda təhsil almağa göndərdiyim insanlar mənim doğma övladlarımdır. Bəlkə də Siz bilmirsiniz ki, mən bu işi təşkil edənə qədər nə əziyyət çəkmişəm”.
31 avqust 1998-ci ildə məhz həmin tələbələrlə indi Ulu Öndərin adını daşıyan Sarayda möhtəşəm görüş oldu. Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin ümumrespublika toplantısında Ulu Öndər o illəri məmnunluqla xatırlayaraq demişdi: “Mən çox həyəcanlıyam və eyni zamanda böyük sevinc hissi keçirirəm. Çünki bugünkü - 1998-ci ildəki toplantımız 1969-cu ildə Azərbaycanda ilk dəfə əsası qoyulmuş görüşlərin nəticəsidir. Mən həmin görüşlərin təşəbbüskarı, təşkilatçısı olmuşam. Bu görüşlər, o vaxt görülmüş həmin işlər barədə və bunların sizin hər birinizin taleyində oynadığı rol haqqında burada kifayət qədər deyildi. Mən ona görə sevinirəm ki, 29 il bundan əvvəl əsasını qoyduğum xeyirxah işin gözəl bəhrələrini görürəm.... Vaxtilə bu salona 16-17 yaşında daxil olmuş insanlar - siz ötən illərdə böyük həyat yolu keçmişsiniz, formalaşmısınız, püxtələşmisiniz, Azərbaycanın həyatının müxtəlif sahələrində fəaliyyət göstərirsiniz. Bunların hamısının əsası həmin illərdə qoyulubdur. Ona görə də mən sizin hər birinizin həyatında etdiyim xidmətin nəticəsini görərək bu gün sevinirəm, şadlanıram və iftixar hissi keçirirəm... Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım... mən bu işi başladım, genişləndirdim. Özüm də təsəvvür etmədən gördüm ki, Azərbaycan üçün yeni bir ali məktəb yaratmışıq. Bu nədən ibarətdir? 1969-cu ildə biz respublikadan kənara oxumağa heç 50 nəfər də göndərmədik. 1970-ci ildə 60 nəfər göndərdik. Ondan sonra bunu ilbəil artırdıq. Nəhayət, biz 1975-ci ildə, gərək ki, 600 nəfər, 1977-1978-ci illərdə isə hər il 800-900 nəfər gənci respublikadan kənar ali məktəblərə göndərdik.
Ali təhsil sahəsində işləyənlər bilirlər hər il ali məktəbin illik qəbulu 700-800 nəfər olur. Beləliklə, əgər biz ildə 800-900 nəfər azərbaycanlı balasını o vaxtlar Sovetlər İttifaqının müxtəlif şəhərlərindəki ali məktəblərə göndərirdiksə, demək, biz Azərbaycan Dövlət Universitetinə olan qəbul qədər əlavə tələbə hazırlayırdıq. Sonralar bunu Moskvada hiss etmişdilər. Onlar görmüşdülər ki, beləliklə, biz Azərbaycanın ərazisində olmayan, ancaq respublikamız üçün kadr hazırlayan yeni bir ali məktəb yaratmışıq.... 1969-cu ildən 1982-ci ilin avqust ayına qədər bir il də olmayıb ki, mən tələbələrlə görüş keçirməyim... O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqlar. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəkdir”.
Ulu Öndər sonralar həmin tarixi həqiqəti belə etiraf edirdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 1970-ci ildən başlamışıq. Mən də bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimiz haqqında düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə sizinlə görüşərək və bu problemlərlə daim şəxsən məşğul olaraq Azərbaycanın gələcəyi haqqında düşünürəm”.
Ulu Öndərin qoruyub saxladığı sənəd
Ulu Öndər Azərbaycandan kənarda təhsil almış Mütəxəssislər Cəmiyyətinin üzvləri ilə görüşündə xatırlayırdı ki, elə bir il olmayıb ki, respublikadan kənara ali təhsil üçün göndərdiyim gənclərlə görüşməyim. İlk vaxtlar onlarla görüş Mərkəzi Komitənin binasında, sonra isə Respublika sarayında keçirilirdi. Bakıdan Moskvaya gedəndə buradakı mənzilimi təhvil verdim. Çoxlu kitablarım var idi, onları aparmaq mümkün deyildi. Göstəriş verdim ki, mənim üçün ən əsas olan kitabları, sənədləri seçsinlər. Mən hər il respublikadan kənarda oxumağa göndərdiyim tələbələrin cildlənmiş siyahılarını özümlə Moskvaya apardım.
Heydər Əliyev SSRİ rəhbərliyinin yürütdüyü məkrli siyasətinə etiraz olaraq tutduğu vəzifələrdən istefa verəndə də Kremldən özü ilə götürdüyü sənədlərdən biri də məhz həmin siyahı olmuşdur.
Azərbaycandan kənarda fəaliyyət göstərən Heydər Əliyev məktəbinin 15 min məzunu
Azərbaycanın çağdaş tarixində Heydər Əliyev həqiqətlərinin təntənəsi milli təhsil tariximizin qızıl hərflərlə yazılmış şanlı səhifələrini təşkil edir. 70-80-ci illərdə respublikadan kənarda azərbaycanlı gənclərin təhsil almağa göndərilməsi böyük elmi-mədəni, iqtisadi-siyasi əhəmiyyət daşıyırdı. Sanki mövcud ali məktəblərdən əlavə, Azərbaycan üçün yüksəkixtisaslı kadr hazırlığını həyata keçirən daha bir ali məktəbimiz respublikadan kənarda fəaliyyyət göstərirdi. Hər il həmin ali məktəbə oxumağa orta hesabla 800-1000 nəfər gənc göndərilirdi. Bu rəmzi, simvolik ali məktəbin yaradıcısı və rəhbəri Heydər Əliyev idi. Bu gün istər ölkəmizdə, istərsə də xarici ölkələrdə fəaliyyət göstərən 15 mindən çox yüksəkixtisaslı kadrların hamısı Heydər Əliyev məktəbinin məzunlarıdır.
70-80-ci illərdə yaranan bu ənənə çox təəssüf ki, Ulu Öndər SSRİ rəhbərliyindən uzaqlaşdırılandan sonra unuduldu.
Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlıların xaricdə təhsil alması prosesi sürətləndi. Ulu Öndərin xalqın təkidli tələbi ilə təkrar siyasi hakimiyyətə gəlişi ilə bu proses sürətləndi. Azərbaycanlı gənclərin xarici ölkələrin universitetlərində təhsil alması müxtəlif istiqamətlərdə həyata keçirilməyə başlandı: 1)öz təşəbbüsləri və imkanları hesabına xaricdə təhsil; 2)müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil; 3)təhsil sahəsində əməkdaşlıq çərçivəsində ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına hökumət tərəfindən həyata keçirilən xaricdə təhsil; 4)Dövlət Proqramı xətti ilə xaricdə təhsil.
Heydər Əliyevin milli dövlətçilik strategiyasını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu universitetlərində bakalavriatura, magistratura və doktoratura səviyyələrində təhsil almaları ilə bağlı təsdiq etdiyi Dövlət Proqramları maddi kapitalın insan kapitalına çevrilməsinə, davamlı insan inkişafına, Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmlənməsinə və tərəqqisinə istiqamətlənmişdir. Ümummilli Liderin xaricdə təhsil ənənəsi indi daha çox ölkələri, ixtisasları və istiqamətləri əhatə etməklə öz bəhrəsini verməkdədir.
Fərrux RÜSTƏMOV,
ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi
www.muallim.edu.az
Tarix: 3-03-2023, 10:05