“Qızların təhsilinə dəstək” mövzusunda konfrans
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov açılış nitqi ilə çıxış edərək fondun fəaliyyət istiqamətləri haqqında məlumatları diqqətə çatdırıb.
Fondun fəaliyyəti dövründə əhəmiyyət verdiyi məsələlərdən birinin gənc qızların təhsilinə dəstək olduğunu qeyd edən Elnur Nəsibov bildirib ki, qızların təhsilinə yönələn layihələrin həyata keçirilməsi həm sosial, həm səhiyyə, həm də təhsil sahəsində bir sıra müsbət dəyişikliklərə səbəb olur.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qadınların ölkənin iqtisadi baxımdan inkişafına göstərdiyi təsirlərdən bəhs edərək onların təhsil və elmdə təmsilçiliyinin vacibliyini vurğulayıb. Qızların təhsilinin Azərbaycandakı vəziyyətinə diqqət çəkən nazir ali təhsili qazana bilmək üçün kiçik yaşlardan müəyyən bilik bazasının formalaşdırılmasının önəmini qeyd edib.
Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qızların təhsilinə dəstək” layihəsinə diqqət çəkərək vaxtilə təsadüfdən yaranan bir ideyanın qısa müddət ərzində reallığa çevrilməsinin sevindirici olduğunu bildirib.
Komitə sədri layihənin başladığı dövrdə Dövlət Komitəsinin regionlarda fəaliyyət göstərən mərkəzləri vasitəsilə aztəminatlı ailələrdən olan, ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış 11 qıza dəstək göstərildiyini vurğulayıb.
Sonra Təhsilin İnkişafı Fondunun şöbə müdiri Nərgiz İsmayılova “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının təsis olunması haqqında məlumat verib. Bildirilib ki, təqaüd proqramının məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə yönəltmək, dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək və onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır.
Dövlət Statistika Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Tahir Budaqov qeyd edib ki, təhsilin inkişafı, eləcə də gender bərabərliyinin təmin olunması YAP-ın proqramında prioritet məsələ kimi qoyulub və bundan sonra partiya üzvü olan sahibkarların da bu prosesə daha aktiv cəlb olunması istiqamətində addımlar atılacaq.
Konfransın yekununda Təhsilin İnkişafı Fonduna ianə edən tərəfdaş qurumlara sertifikatlar təqdim edilib.
Tarix: 3-03-2023, 09:39
Xəbəri paylaş