Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı qurbanları anılıb



Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimiz və soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollecin direktoru Səhər Orucova Xocalı soyqırımının Azərbaycan tarixinin ən qanlı səhifələrindən olduğunu, bu faciənin unudulmaması üçün gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır.
Tədbirdə iştirak edən Xocalı sakini Vidadi Hüseynov ailəsinin, qohumlarının başına gətirilən müsibətdən danışıb: "Günlər öncə təcrid vəziyyətinə düşmüş Xocalıya fevral ayının 25-dən 26-na keçən gecə ermənilər basqın ediblər. Ailəmiz 6 nəfərdən ibarət idi, təkcə bacımla mən sağ qalmışıq, digərləri itkin düşüblər". Vidadi Hüseynov 44 günlük Vətən müharibəsində şanlı qələbə ilə Xocalı soyqırımı qurbanlarının da qisasının alındığını bildirib.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı videoçarxlar, səhnəciklər göstərilib, şeirlər səsləndirilib. 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin rəsm əsərləri, Abşeron rayon Mərkəzi Kitabxanasının Xocalı faciəsini əks etdirən kitabları nümayiş etdirilib.


Tarix: 26-02-2023, 17:07

Xəbəri paylaş