BDU-da Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans
Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Əvvəlcə şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi anılıb.
Tədbirdə BDU-nun rektoru Elçin Babayev tariximizə qanla yazılan Xocalı qırğınının dəhşətlərindən danışıb. Qeyd olunub ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Xalqımız tarixi dədə-baba torpaqlarından qovulub və bütün bunlar qəddarlıqla həyata keçirilib. Xocalı soyqırımı aqressiv və cinayətkar xislətli erməni siyasətinin nəticəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş həmin faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində soyqırımı aktı törətməsi nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, çoxlu sayda insan yaralanıb və itkin düşüb.
E.Babayev vurğulayıb ki, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” Qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə həmin qətliamın gerçək mahiyyətini açıqlayıb, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Bu gün artıq dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri faciə soyqırımı aktı kimi tanınır.
Rektor Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə yayılmasında Heydər Əliyev Fondunun müstəsna rolunu qeyd edib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının reallaşdırdığı tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, “Xocalıya ədalət!” kampaniyası soyqırımı haqqında məlumatların daha geniş coğrafiyaya yayılmasında mühüm rol oynayıb. Bu kampaniya Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edib.
E.Babayev 2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsi zamanı Ermənistan ordusunun məğlubedilməzliyi barədə formalaşdırılmış mifi 44 günə dağıtdığını qeyd edib: “Rəşadətli Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi. Şəhidlərin və Xocalı faciəsi qurbanlarının intiqamı alındı”.
Tədbirdə Milli Məclisin deputatı, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, BDU-nun Azərbaycan tarixi kafedrasının müdiri professor Azad Rzayev, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin koordinatoru Mürvət Məmmədov, Daşkənd Mədəniyyət və İncəsənət İnstitutunun rektoru Eldor Şermanov, Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz, Qazaxıstanın Satbayev Universitetinin professoru Rinat İskakov, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq Hüquq kafedrasının professoru Arif Quliyev çıxış ediblər.
Çıxışlarda Ermənistanın hərbi-siyasi cinayətləri, tarixən həyata keçirdiyi işğalçılıq siyasəti barədə məlumat verilib.
Sonra BDU-nun Mədəniyyət-yaradıcılıq mərkəzinin hazırladığı bədii hissə təqdim olunub.
Tarix: 25-02-2023, 17:39