Aşqarlar Kimyası İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
24 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunda institut rəhbərliyi, Azad Həmkarlar Təşkilatı, YAP Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Qadınlar Şurasının təşkilatçılığı ilə “Xocalı soyqırımı”nin 31-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. İclas şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan İnstitutun Baş direktoru akademik Vaqif Fərzəliyev vurğulayıb ki, ermənilərin bizə qarşı əsrlər boyu həyata keçirdiyi soyqırım və etnik təmizləmə siyasəti onların “Böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən cinayət əməlləridir: “Onlar məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürüləndən sonra bir sıra problemlərlə üzləşmişik. Mənfur ermənilər xalqımıza qarşı ən qəddar zorakılıq üsullarından istifadə etməklə, tarixdə misli görünməmiş cinayətlər törətmişlər”.
Akademikin sözlərinə görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə etnik azərbaycanlılara qarşı tarixdə görünməmiş cinayəti törətmişlər: “Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, bir gecədə 613 sakin qətlə yetirilmişdir. 1275 nəfər əsir götürülmüşdür ki, onlardan da 68-i qadın və 26-sı uşaq olmaqla, 150 nəfərin taleyi bu günədək məlum deyil”. O bildirib ki, hazırda Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyada tanıdılması ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biridir.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Şanlı Zəfərini, dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu qeyd edən Baş direktor erməni vandalizmi nəticəsində həyatını qurban verənlərin qisasının alındığını söyləyib.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Lalə Əliyeva 26 fevral tarixində baş verən “Xocalı faciəsi”ndən bəhs edən təqdimatla çıxış edib və hazırladığı video çarxı nümayiş etdirib.
İnstitutun gənclərdən ibarət bir qrup əməkdaşı Xocalı qurbanlarının xatirəsini yad etmək üçün Bakı şəhərində ucaldılmış abidəni ziyarət etmiş və önünə gül dəstələri qoymuşlar.
Tarix: 24-02-2023, 17:27