BDU-nun Qazax filialında Xocalı soyqırımının ildönümü qeyd olunub
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə filialın foyesində Xocalı soyqırımı ilə bağlı foto və kitablardan ibarət guşə ilə tanış olublar. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı faciəsinə həsr olunmuş slayd nümayiş etdirilib.
BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının tarixə ən dəhşətli səhifələrdən biri kimi daxil olduğunu bildirib. Qeyd edib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalıya divan tutub. Lakin həmin vaxt bu dəhşətli soyqırım dünya ictimaiyyətinin diqqətinə çatdırılmayıb, ona hüquqi-siyasi qiymət verilməyib. Qanlı Yanvar hadisələri zamanı olduğu kimi, bu hadisənin də əsl mahiyyəti Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra açılıb və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən iclasında Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib.
Filialın İctimai fənlər kafedrasının baş müəllimləri Ülviyyə Bayramova “Xocalı faciəsi qan yaddaşımızdır”, Mübariz Süleymanov “Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş növbəti terror aktıdır”, mətbuat xidmətinin rəhbəri Elçin İsmayıl “Xocalı faciəsi dünya mətbuatında”, Tarix ixtisasının III kurs tələbəsi Mirruhi Müseyibli “Əsrin faciəsi” mövzularında çıxışlar ediblər. Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə ilə Xocalı şəhidlərinin də qisasının alındığı və artıq 3 ildir ki, anım mərasimini qalib xalq kimi qeyd etdiyimiz vurğulanıb.
Tarix: 25-02-2023, 17:19