Qaradağlı və Xocalı soyqırımından 31 il ötür
Azərbaycan xalqı 200 il ərzində erməni millətçi–şovinistlərinin davamlı şəkildə etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Tarixə qısa ekskursiya etsək, ermənilərin xalqımızın başına gətirdiyi faciələrin silsilələri üzə çıxır.
Görkəmli ədib Ö.F.Nemanzadə hələ 1905–ci ildə “İrşad” qəzetində yazırdı: “Ermənilər öz planlarını həyata keçirmək üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin bir qədər artıq itkisinə şərait yaradacaq və beləliklə bütün Avropanın diqqətini əzabkeş bir xalq olmalarına cəlb edəcəklər. Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onları həyata keçirməyə yollar axtarırlar”.
Çar Rusiyasının zamanında imperiyanın dəstəyini alan ermənilər Anadolunun və Azərbaycanın müxtəlif şəhərlərində soyqırımlar həyata keçirdilər. XIX əsrin sonlarından Vanda, Ərdahanda və başqa şəhərlərdə ermənilər türk insanlarını vəhşicəsinə qətlə yetirdilər. 1905–06, 1917–18–ci illərdə Bakıda, Təbrizdə, Xoyda, Şamaxıda, Qubada, Lənkəranda və s. yerlərdə kütləvi şəkildə insanlarımızı öldürülməsi, arxiv sənədlərində öz əksini tapıb. O dövrün mənbələri və tapılan toplu məzarlıqlar subut edir ki, əsl soyqırıma məruz qalan xalq biz olmuşuq. Yaşanılan hadisələr sübut edir ki, bu gün ermənilərin özlərini saxta və qondarma soyqırıma məruz qalan millət kimi təqdim etmələri özlərini məzlum və fağır millət kimi təqdim etməkdən başqa bir şey deyil. Əsl həqiqət tarixi mənbələrdə öz əksini tapır. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. 1948–1953–cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür–Araz düzənliyində yerləşdirilməsi faciələrə yol açmışdı. Belə ki, minlərlə insan iqlim şəraitinə uyğunlaşa bilməyib, müxtəlif xəstəliklərdən dünyalarını dəyişdilər. Həmin siyasətin davamı olaraq, 1988–ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazilərdən qovularaq, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988–ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Qaradağlı və Xocalı faciəsinin səbəbkarları cəzasız qalmamalıdır. Bu dəhşətli soyqırım hadisələrindən 31 il ötür. Qaradağlı və Xocalı soyqırımı Azərbaycanın müstqəllik tarixində ən dəhşətli və faciəli səhifələrdən biridir. Erməni silahlı birləşmələri Xankəndidə dislokasiya olunan 366–cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992–ci il fevralın 15–dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17–də qeyri–bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olundu. 118 nəfər əsir götürülənlərdən 101 nəfəri vəhşicəsinə qətlə yetirildi. Ermənilər tərəfindən törədilən soyqırım zamanı Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21–i ahıl və qocalar, 10–u qadın, 8–i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800–dək sakini məcburi köçkün vəziyyətinə düşüb. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola bildilər. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırıldı, mülki əhali qırğına məruz qaldı. Qətliam aktı Qarabağ münaqişəsi zamanı baş vermişdir. Nəticədə xeyli sayda mülki azərbaycanlı şəxslər ermənilər tərəfindən qətlə yetirilmiş, bir o qədər də əsir alınmışdır. Qətlə yetirilənlərdən bəziləri xüsusi amansızlıqla öldürülmüşdür. Məsələn, 3 kənd sakininin üzərinə dizel yanacağı tökülərək yandırılmış, 2 nəfərin isə başı kəsilmişdir. Kəndin yerdə qalan sakinləri isə dağlıq əraziləri keçərək Ağdama getmişdilər.
1992-ci il fevralın 25–dən 26–na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. 1992–ci il fevralın 25–də axşam saat 23:00 radələrində 366–cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50–dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. 1–ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2–ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3–cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366–cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.
Azğınlaşmış ermənilər Kətik dağı, Qarqar çayı və “Donuzçuluq ferması” deyilən yerdə Ağdamın Şelli kəndinə gedən yol istiqamətində dinc əhaliyə qarşı əsl soyqırım törətdilər. Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər demək olar ki, müdafiəsiz qalmışdı. Şübhəsiz, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Qısa müddətdə şəhəri alov bürüdü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecənin qaranlığında meşəyə tərəf üz tutdular. Qarşıda isə onları nələrin gözləməsindən tam xəbərsiz idilər. Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçivanik kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər.
Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 ay ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150 nəfəri itkin düşmüş sayılır. Bu siyasət tarixən davamlı olaraq, xalqımıza qarşı aparılıb. 2017–ci ildə Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyada çap olunan “Erməni zindanında səkkiz gün” kitabının müəllifi, erməni əsirliyində olan Xocalı sakini, rabitəçi Dürdanə Ağayeva müsahibəsində bildirir ki, onlara işgəncə verən erməni zabitləri Monte Melkonyan, Vitali Balasanyan və Karo onlara Xoranburd kəndində əsirləri günlərlə ac və susuz saxlamışlar. Qardaşımla məni əsirlikdən qurtarmaq üçün Milli qəhrəman Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqları nəticəsində bizi azad etdilər. Eyni zamanda danışıqlar zamanı hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdur. Allahverdi Bağırov Xocalı faciəsindən həddindən artıq çox sarsılmışdı. Xocalı qadınlarını və qızlarını görəndən sonra özünə gələ bilmirdi. Xüsusən də 9 yaşlı qız uşaqının vəhşicəsinə ölümü ona pis təsir etmişdir. 1992–ci ilin 12 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşmüşdür. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə ilə birlikdə həlak olmuşdur.
Xüsusu vurğulayım ki, Xocalının müdafiəsi üçün son nəfəsinə qədər mübarizə aparan Milli qəhrəman kapitan Əlif Hacıyevdə fevral ayının 25–dən 26–na keçən gecə qeyrətli həmvətənləri ilə birgə qanlı döyüşlərə atılıb. Qüvvələrin qeyri–bərabər olmasından qorxmayan Əlif Hacıyev geri çəkilməyib. Aeroportdakı məxfi sənədlərin düşmən əlinə keçməməsi üçün dispetçer məntəqəsini partladıb. Düşmənin zirehli hərbi texnikaları Xocalıya girəndə Ə.Hacıyev köməksiz qalan insanları Ağdamın Şelli kəndi istiqamətinə çıxarıb və yenidən geri qayıdıb. Təslim olmaq Hacıyevin xarakterinə görə deyildi. Son gülləsinə qədər döyüşən Əlif doğulub boya–başa çatdığı Xocalı torpağında qəhrəmancasına həlak olmuşdur.
Qarabağın erməni işğalından azad edilməsi uğrunda başlanan Vətən müharibəsi cəmi 44 gün ərzində, necə deyərlər, ildırım sürəti və parlaq qələbəylə başa çatdı. Qalib Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun bölmələri Ermənistan ordusunun canlı qüvvəsini və onların arxalandıqları muzdluları, bir sözlə, düşmənin çoxsaylı hərbi texnikasını, 30 ildə möhkəmləndirdikləri istehkamları darmadağın etdi. Həmin şiddətli döyüşlərdə Xocalıdan olan hərbçilər və könüllülər də cəsarət və hünər nümayiş etdiriblər. İnam, inanc, güvənc yerimiz Vətəndir, onun uğrunda həlak olmaq qəhrəmanlıqdır, ona görə də ən böyük zirvə şəhidlik zirvəsi hesab olunur. Vətən müharibəsi şəhidlərinin məzarları üçrəngli bayrağımıza bürünüb. Şəhidlər hünər göstərərək bayrağımızı enməyə qoymadılar, öz qanları ilə onu əbədi ucaltdılar. Fikrimcə Qaradağlı və Xocalıdan olan şəhidlərin ruhu bugün şaddır, cünki Azərbaycan ordusun əsgəri, zabiti Müzəffər Ali Baş Komandan onların layiqli cavabını verdi.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı, müasir dünya siyasətindən xəbərdar olan, xüsusi bacarığa malik, hər atılacaq addımı incəliyə qədər ölçüb-biçən, tam əminliklə bütün məsuliyyəti öz üzərinə götürən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərli altında Şanlı ordumuz işğal altında olan torpaqlarımızı azad etməklə Böyük Zəfərə nail olmuşdur.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusunun dəmir yumruğu ilə Ali Baş Komandan 44 günlük İkinci Qarabağ müharibəsinin bütün gedişatını çox yüksək sərkərdəlik bacarığı nümayiş etdirərək şəxsən özü idarə etdi, Azərbaycanın bütün tarixi boyu həyata keçirmək istədiyi işləri gördü və ölkəmizin yeni müasir Zəfər tarixini yazdı.
Hazırda qalib dövlət olaraq yeni müasir tariximizdə yaşamamıza baxmayaraq xalqımız o müdhiş gecəsini daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Qəhrəmanlığın, cəsarətin ən yüksək zirvəsi, ən ali məqam olan şəhidliyə qovuşan oğulların xatirəsi heç zaman unudulmayacaq. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq Xocalı faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir, şəhidlərin əziz xatirəsini hörmətlə anır.
Tarix: 22-02-2023, 22:02