AMEA-nın Qərbi Azərbaycanı tədqiq etmək haqqındakı qərarları Ermənistan akademiyasında təşviş yaradıb
Ermənistan akademiyasında Azərbaycana qarşı mübarizə üçün xüsusi şöbə yaradılacaq.
Bu barədə erməni mediası məlumat yayıb.
Təklif Ermənistan Milli Elmlər Akademiyasının prezidenti Aşot Saqyan tərəfindən gəlib.
“Milli Elmlər Akademiyası xarici çağırışlara, xüsusən də Azərbaycanın tariximizi və mədəniyyətimizi “mənimsəmək” cəhdlərinə çox tez cavab verir. Azərbaycan Prezidenti Azərbaycan Milli Elmlər Akademiyasında Qərbi Azərbaycan ideyasının elmi cəhətdən əsaslandırılması və həyata keçirilməsi məsələləri ilə məşğul olan xüsusi şöbələrin yaradılması barədə göstəriş verəndə biz dərhal reaksiya verdik.
Baş nazirə müraciət etdik ki, bizim üç Tarix, Şərqşünaslıq, Arxeologiya və Etnoqrafiya institutlarının elmi potensialı əsasında xüsusi şöbə yaradılsın.
Bu şöbələr elmi cəhətdən əsaslandırılsın və Azərbaycanın iddialarına qarşı dursun. Bu gün biz artıq Təhlükəsizlik Şurasının əməkdaşları ilə bu istiqamətdə işləyirik.
Bizim arxeologiya, tarix, şərqşünaslıq institutlarımız var ki, orada peşəkar mütəxəssislər var. Onlar da onsuz da öz işlərini görürdülər.
İndi o şöbənin iştirakı ilə bu, daha sistemli və çox sürətlə aparılacaq ki, hər bəyanata qarşı çıxa biləcəyik.
Həmin strukturun birinci vəzifəsi Azərbaycanın müxtəlif, o cümlədən beynəlxalq platformalarda Ermənistanı Azərbaycan ərazisi kimi təqdim etməsinə mane olmaq olacaq.
Bu işlər çox önəmlidir, biz hər zaman geri qalırıq. Nəinki döyüş meydanında, sadəcə olaraq informasiya müharibəsində də uduzuruq.
Biz öz elmi potensialımızdan istifadə edib, bu hücumlara qarşı durmalıyıq”, – deyə Saqyan bildirib.
Xuraman Etibarlı
Konkret.az
Tarix: 13-02-2023, 12:18