Kənd məktəbində “Ən yaxşı oxucu” müsabiqəsi həyata keçirilib
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunan “Məktəblilər arasında oxu və mütaliə vərdişlərinin artırılması” layihəsi çərçivəsində 10 fevral 2023-cü il tarixində Lənkəran rayonu, Lüvəsər kənd tam orta məktəbində tədbir həyata keçirilmişdir.
Tədbirin açılışını məktəbin direktoru Mais Əliyev etmiş, layihə rəhbərini və eksperti təqdim edərək layihənin faydalılığı haqqında iştirakçılara məlumat vermişdir. Layihənin eksperti qismində Lənkəran Dövlət Universitetinin müəllimi, beynəlxalq dərəcəli təlimçi, müxtəlif dövrlərdə AzGF və ETN tərəfindən elan olunan qrant layihə müsabiqələrinin qalibi Samir Salayev iştirak etmişdir.
Tədbirdə 44 nəfər şagird iştirak edib. Şagirdlər ümumilikdə 7 qrup olmaqla, 6-7 nəfərlik qruplara ayrılaraq yoldaşları ilə qarşılıqlı diskussiya şəklində onlara verilmiş tapşırıqlar və suallar əsasında oxuduğu mütaliə materialını təhlil etmiş, əsərin mövzu və ideyasını müəyyənləşdirmiş, əsərin məzmununun cəmiyyətə, bizə hansı nəsihəti verdiyini müəyyən etməyə çalışmış, eyni zamanda “Bədii qəhrəmanın yerində olsaydım nə edərdim?, Əsərin müəllifinə hansı sualları verərdim?, Niyə bu kitabı oxumağı həmyaşıdlarıma məsləhət bilirəm? suallarına da cavab tapmışlar. Şagirdlər verilmiş vaxt ərzində qrup tapşırıqlarını yerinə yetirmişlər. Hər bir qrupdan olan şagirdlər lövhəyə çıxaraq oxuduqları mütaliə materialı əsasında verilən tapşırıqları izah etmiş və mütaliə ilə bağlı fikirlərini bölüşmüşlər.
Hər bir qrupun təqdimatı layihənin eksperti, məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən dinlənilmiş və fikrini ən dolğun şəkildə ifadə etməyi bacaran, qrup tapşırıqlarını fəal şəkildə icra edən şagirdlərin fəaliyyəti qiymətləndirilərək onlara layihə adından hədiyyə kitablar verilmişdir.
Layihənin davamlılığını təmin etmək məqsədilə müxtəlif siniflərdən olan şagirdlərdən ibarət kitab klubu yaradılmışdır. Şagirdlərin kitab klubunda aktiv fəaliyyətinin təmin olunması və müntəzəm izlənilməsi layihə rəhbəri tərəfindən həyata keçiriləcəkdir.
Züleyxa Bayramzadə,
layihə rəhbəri
Tarix: 10-02-2023, 23:15