Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib





Azərbaycan Texnologiya Universitetində Avropa Kommissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib.
 
Tədbir layihə çərçivəsində ötən ilin 12-17 dekabr tarixlərində Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən “EFMD Global” qurumuna təşkil olunan səfər və bu səfər zamanı keçirilən təlimin nəticələrinin müzakirəsinə həsr olunub.
 
Görüşün əvvəlində Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi, layihə meneceri İlahə Qurbanova sözügedən layihənin ümümi məqsədi, yerli və xarici tərəfdaşları, cari fəaliyyət planı, yaradılacaq Azərbaycan Rektorlar Konfransının tərkibində yer alan komitələr barədə iştirakçılara ətraflı məlumat verib.
 
Daha sonra Brusseldəki təlimdə Azərbaycan Texnologiya Universitetini təmsil etmiş Tədris şöbəsinin müdiri Raqif Hüseynov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri əvəzi Ramidə Xəlilova təqdimatla çıxış ediblər. 
 
Təlimdə əldə olunmuş təcrübələri iştirakçılarla paylaşan Raqif Hüseynov “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin önəmini vurğulayıb və ali təhsillə bağlı məsələləri diqqətdə saxlayan, müəyyən problemlərin həllinə dəstək verə bilən belə bir qurumun formalaşmasına ehtiyac olduğunu diqqətə çatdırıb. Avropa və milli universitetlərin təhsil, tədris formatı arasında mövcud fərqlərə də toxunan Raqif Hüseynov layihənin universitetlərimizə ciddi töhfə verə biləcəyinə, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsində rol oynayacağına əminliyini ifadə edib.
 
Ramidə Xəlilova isə öz çıxışında bildirib ki, təlim ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsi məqsədilə həyata keçirilib. Təlim çərçivəsində “EFMD Global” və digər Avropa tərəfdaşları tərəfindən keyfiyyət təminatı və beynəlmiləlləşmə, tədqiqatların və tədrisin beynəlmiləlləşdirilməsi, həmçinin beynəlmiləlləşmə strategiyalarının inkişaf etdirilməsi məsələləri ətraflı müzakirə olunub. 
 
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
 


Tarix: 2-02-2023, 16:42

Xəbəri paylaş