Aşqarlar Kimyası İnstitutunda “Heydər Əliyev İli”nə həsr olunan müsabiqələr keçiriləcək
İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, bu ilin may ayında “Heydər Əliyevin neft emalı və neft sənayesinin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans keçiriləcək: “Eyni zamanda gənc alim və mütəxəssislər arasında planlaşdırılan “Ən yaxşı elmi məruzə”, “Ən yaxşı elmi məqalə və adlı mükafat” müsabiqələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr ediləcək”.
Ə.Sucayev qeyd edib ki, “Heydər Əliyev İli” ilə əlaqədar həmçinin, bu ilin aprel ayında Bakı şəhər məktəblərində şagirdlər üçün “Kimyanı məntiqlə düşün” bilik yarışının təşkili və əyləncəli təcrübələrin nümayişi, bütün ilboyu isə institutda məktəblilər üçün “Açıq qapı” günlərinin təşkil edilməsi planlaşdırılıb.
İcraçı direktorun sözlərinə görə, institutun aparıcı alimlərinin mətbuatda “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda müsahibə və müəllif məqalələrinin hazırlanması, çap edilməsi bu istiqamətdə keçiriləcək əsas tədbirlərdən olacaq.
Tarix: 14-01-2023, 19:49