Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Aşqarlar Kimyası İnstitutunun Bakı Dövlət Universiteti ilə əməkdaşlığı davam edir

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu (AKİ) ilə Bakı Dövlət Universiteti (BDU) elmlə təhsilin inteqrasiyası istiqamətində səmərəli əməkdaşlığını davam etdirir.
 
İnstitutdan bildirilib ki, AKİ-nin icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayevin və BDU-nun Analitik kimya kafedrasının müdiri kimya elmləri doktoru, professor Famil Çıraqovun birgə elmi rəhbərlik etdiyi doktorant Tahir Cavadzadənin apardığı elmi tədqiqatların mühüm nəticələri “Web of Science” bazasında arxivləşdirilən impakt faktoru 3.052 olan dünyaca məşhur “Elsevier” nəşriyyatının  “Polyhedron” jurnalında məqalə kimi (Tahir Javadzade, Irada Rzayeva, Svetlana Demukhamedova, Gulnara Akverdieva, Vagif Farzaliyev, Afsun Sujayev, Famil Chiragov, Synthesis, structural analysis, DFT study, antioxidant activity of metal complexes of N-substituted thiourea, Volume 231, 1 February 2023, 116274, https://doi.org/10.1016/j.poly.2022.116274) dərc olunub.
 
Məqalə N-əvəzli tiokarbamid və onların metal komplekslərinin sintezi, quruluşlarının müasir fiziki-kimyəvi üsullarla müfəssəl tədqiqinə həsr edilib. Bu birləşmələrin sabit strukturlarını xarakterizə edən həndəsi, enerji və elektron parametrləri müəyyən olunub, funksional sıxlıq nəzəriyyəsi əsasında sərhəd molekulyar orbitalların enerjiləri, enerji boşluğu, kimyəvi reaktivlik deskriptorları, atom yükləri, dipol momenti və qütbləşmə qabiliyyəti hesablanıb, reagent və kompleks üçün molekulyar qarşılıqlı təsirlərin baş verə biləcəyi elektrofil və nukleofil bölgələrin yerləri müəyyən olunub, elektron sıxlığının ötürülməsi və hiper konyuqativ qarşılıqlı təsirlər isə aydınlaşdırılır. Müəyyən edilib ki, tiokarbamid və onun kompleksinin təklif olunan modellərinin təcrübi və nəzəri cəhətdən əldə edilmiş parametrləri üst-üstə düşür. Eyni zamanda sintez edilmiş birləşmələrin antioksidant xüsusiyyətləri model reaksiyalarında tədqiq edilib. Məlum olub ki, bu birləşmələr sürtkü materiallarının oksidləşməsinə qarşı yüksək inhibitor xassəyə malikdir.
 
 


Tarix: 9-01-2023, 09:00

Xəbəri paylaş