Aşqarlar Kimyası İnstitutunda mühüm fundamental və tətbiqi xarakterli elmi nəticələr əldə olunub
Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun əməkdaşları tərəfindən 2022-ci ildə bir üstün istiqamət və bir problemi əhatə edən 12 mövzu, 36 mərhələ üzrə zərif üzvi sintezin, eləcə də kompüter modelləşməsinin müasir imkanlarından istifadə etməklə sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksiyalı aşqarların, fizioloji fəal maddələrin, korroziya inhibitorları və səthi-aktiv maddələrin sintezi, alınma texnologiyasının elmi əsaslarının işlənilməsi, müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi, mövcud mənbələrdən səmərəli istifadə olunması sahəsində fundamental, həmçinin tətbiqyönlü tədqiqatlar aparılaraq mühüm elmi nəticələr əldə edilib.
Bu barədə institutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev Azərbaycan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsinin yığıncağında təqdim etdiyi hesabat məruzəsində bildirib. Onun sözlərinə görə, il ərzində institutda bu mövzular üzrə aparılmış tədqiqatların nəticələrindən 5-i fundamental, 2-i tətbiqi xarakterli olmaqla 7 ən mühümü “AMEA-nın 2022-ci ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsinə daxil edilmək üçün təqdim olunub: “Fundamental əhəmiyyət kəsb edən nəticələrdən 2-si Türkiyənin Atatürk, Bartin, İtaliyanın Florensiya, Səudiyyə Ərəbistanın Kral Səid universitetlərinin və Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin İrkutsk Kimya İstitutunun alimləri ilə müştərək beynəlxalq tədqiqat çərçivəsində “Bəzi qlobal xəstəliklərlə əlaqəli metabolik fermentləri inhibə edən yeni nəsil inhibitorların yaradılması” və “Altsheymer və şəkərli diabet xəstəliklərinə qarşı potensial dərman təsirinə malik enzim inhibitorların alınması və “molekulyar dokinq” tədqiqi” ilə bağlıdır. Sintez olunan yeni heterotsiklik birləşmələrin canlı orqanizmdə asetilxolineseraza (AChE), butirilxolinesteraza (BChE) enzim, Karbon Anhidraz I və II (CA I, II) izoenzimlər üzrə yüksək inhibitor xassəsi göstərmişlər. Aparılan çoxsaylı analizlər, o cümlədən “Molekulyar dokinq” tədqiqatları nəticəsində məlum olub ki, gələcəkdə bu inhibitorların ayrı-ayrı funksional qrupa malik nümayəndələri epilepsiya, onikibarmaq bağırsaq və mədə xoraları, qlaukoma, Altsheymer xəstəliyi və şəkərli diabet də daxil olmaqla, dünyada geniş yayılan bəzi qlobal xəstəliklərin müalicəsi üçün potensial dərman maddələri kimi istifadə oluna bilər”.
Ə.Sucayev qeyd edib ki, digər mühüm nəticə Lissabon Universitetinə ezam olunan Aşqarlar Kimyası İnstitutunun doktorantı İbadulla Mahmudovun Portuqaliyadan olan həmkarları ilə birgə həyata keçirilən tədqiqatları nəticəsində əldə edilib: “Başqa sözlə, bu mühüm nəticə zərif üzvi sintez üsulları və kompüter kimyasının ən son imkanlarından istifadə etməklə bir mərhələli çoxkomponentli reaksiyalar nəticəsində alınmış yeni potensial dərman maddələrin X-ray və Hirsfeld səth analizi ilə müfəssəl struktur təhlillərinə həsr olunub”.
İcraçı direktor bildirib ki, triboloji xassələrə malik daha təsirli üzvi reagentlərin sintezi və tədqiqi ilə bağlı əldə olunan mühüm nəticə sintez edilmiş yeni birləşmələrin sürtkü yağlarında yüksək triboloji xassələrə malikdir və bu xassələr maddələrin kimyəvi tərkibi, quruluşundan asılı olmasını müəyyənləşdirib: “Turş mühitdə metalların korroziyasına qarşı effektiv təsir edən inhibitorlarının sintezi və tədqiqində əldə etdiyimiz digər bir mühüm nəticə isə yaradılmış yeni inhibitorun turş mühitdə metalların korroziyasına qarşı effektivliyi bu məqsədlə işlənən əmtəə inhibitorlardan xeyli üstün olduğunu özündə ehtiva edir”.
Aşqarlar Kimyası İnstitutunda əldə olunan tətbiqi xarakterli mühüm nəticələrdən danışan Ə.Sucayev vurğulayıb ki, təmsil etdiyi institut alimlərinin sintez etdikləri aşqarlar motor yağlarının korroziyaya, oksidləşməyə qarşı və yuyuculuq xassələrini kəskin yaxşılaşdırmaqla qeyd olunan xassələrə görə ВНИИНП-714, OLOA-218A, AMOKO-9230 və MACK markalı xarici analoqlarından xeyli üstündür.
Ə.Sucayev qeyd edib ki, fundamental elmi nəticələrin əhəmiyyəti dünyanın impakt faktoru yüksək olan nüfuzlu jurnallarında dərc olunan məqalələr və onlara qısa müddətdə dünya alimləri tərəfindən 100-ə yaxın istinad edilməsi ilə izah olunur: “Ölkə iqtisadiyyatına və ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edəcək tətbiqi xarakterli işlərin əhəmiyyəti və yeniliyi həm patentlər, həm də laboratoriya və tətbiqolunma sınaqlarından uğurla keçirilməklə öz təsdiqini tapmışdır”.
2022-ci ildə institutda tətbiq üzrə 2 işin yerinə yetirildiyini söyləyən icraçı direktorun sözlərinə görə, Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış və “Aşqar” Elmi İstehsalat Birliyində istehsal olunan, yüksək parafinli neftlərin (Qazaxıstan və Türkmənistandan Sanqaçal terminalına daxil olan neftlər) Bakı-Ceyhan boru xətti ilə uzaq məsafəyə ötürülməsində istifadə olunan “Depressator-AKİ” aşqarının istehsalı institutun vaxtaşırı müəllif nəzarəti altında davam etdirilib, min tonlarla Azərbaycan Dövlət Neft Şirkətinə təqdim olunub: “O cümlədən Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış və H.Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan gəmi dizelləri üçün M-12ВБ markalı motor yağının komponent tərkibində bəzi dəyişiklik edilməklə qeyd olunan motor yağının istismar xassələri xeyli yaxşılaşdırılıb”.
2022-ci ildə institut əməkdaşlarının elmi nəşr fəaliyyəti haqqında məlumat verən Ə.Sucayev böyük elmi əhəmiyyət daşıyan 186 elmi əsərin çap edildiyini, onlardan 2-nin monoqrafiya olduğunu bildirib: “İl ərzində çap olunmuş məqalələrin sayı 46 (xarici jurnallarda 20, yerli jurnallarda 14, konfrans materiallarında 12) “Thomson Reuters” bazasına daxil olan jurnallarda dərc olunmuş məqalələrin sayı 16, РИНЦ bazasına daxil olan jurnallarda 9-dur. Hesabat ilində institut əməkdaşları 26 elmi konfransda 139 tezis və 12 məqalə ilə iştirak ediblər.
Ə.Sucayev yüksək ixtisaslı kadr hazırlığı, institutun beynəlxalq əməkdaşlıq əlaqələri, elm-təhsilin inteqrasiyasının sürətləndirilməsi, elmi ezamiyyətlər, yerli-beynəlxalq tədbirlərdə iştirak, gənclərin elmə marağının artırılması üçün keçirilən müxtəlif həvəsləndirmə tədbirləri, təltiflər və sair haqqında məlumat verib.
Sonda hesabat qəbul edilib.
Tarix: 27-12-2022, 15:11