Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Gəncə Dövlət Universitetində ikili diplom proqramı üzrə mütəxəssis hazırlığına başlanılır

Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibovun rəhbərliyi ilə universitetin nümayəndə heyəti Türkiyə Respublikasının Dokuz Eylül Universitetində ikili diplom proqramı ilə əlaqədar işgüzar səfərdədir.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, işgüzar görüş çərçivəsində ikili diplom proqramı ilə əlaqədar keçirilən Elmi Şurada ali məktəblər arasında icra olunacaq layihələrdən danışılıb.
Bildirilib ki, ikili diplom proqramının tətbiqi ilə hər iki universitetin tələbələri beynəlxalq akkreditasiyadan keçmiş ixtisaslarda iki il Gəncə Dövlət Universitetində, növbəti iki ili isə Dokuz Eylül Universitetində təhsil ala biləcəklər.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxışında iki ölkə arasındakı qardaşlıq münasibətlərindən ətraflı söhbət açıb. Dokuz Eylül Universiteti ilə ikili diplom razılaşmasını yüksək dəyərləndirən rektor imzalanacaq əməkdaşlıq müqaviləsinin önəmindən də danışıb.
Qardaş ölkə universitetinin rektoru Nükhet Hotar qeyd edib ki, Gəncə Dövlət Universiteti ilə sözügedən təhsil ocağı arasında razılaşdırılan anlaşma təsdiqləndikdən sonra nəzərdə tutulan məsələlər yaxın zamanda reallaşdırılacaq.
Elmi Şurada GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə, İnnovasiyalar Departamentinin rəhbəri Vasif Həsənov, Tədris Departamentinin direktoru Elturan Yusifov və Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev universitetin fəaliyyəti və beynəlxalq əlaqələri haqqında çıxış ediblər. Qeyd olunub ki, bu proqram hər iki universitetin müəllim və tələbələri üçün təhsil və elm sahəsində yeni imkanlar yaradacaq.
İşgüzar görüş çərçivəsində Gəncə Dövlət Universitetinin nümayəndə heyəti Dokuz Eylül Universitetinin imkanları ilə yaxından tanış olub.


Tarix: 22-12-2022, 15:47

Xəbəri paylaş