Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı, qurucusu və memarıdır



   Xalqımızın ümummilli lideri, nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 19–cu ildönümü ilə bağlı Respublikamızda anım tədbirləri keçirilir. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. 
Ulu öndər Heydər Əliyev hələ orta məktəbdə oxuyarkən memar olmaq arzusunda idi. Həyat elə gətirdi ki, o inşaat memarı deyil, müstəqil Azərbaycan dövlətinin memarı oldu. Onun siyasi və fəlsəfi ideyaları və dövlətçilik təcrübəsi əsasında müstəqil, demokratik, hüquqi və dünyəvi Azərbaycan Respublikası quruldu. Ümummilli liderin “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir. 1969–cu il 14 iyulda Heydər Əliyevin respublikamıza rəhbər seçilməsi ilə Azərbaycan tarixində yeni dövr başlandı. Həmin gün özünə qayıdışın, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi tarixə düşmüşdür. Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ–də və dünyada tanıtmış, həm də milli mövcudluğumuzu qoruyub saxlamışdır. “Dövlət dövlətçiliyi qorumalıdır” ideyasını dönə–dönə vurğulayan umummilli lider çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkirdi.
Zamanın hökmü ilə ötən əsrin 90–cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai–siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. 1993–cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı. Azərbaycan xalqının Ümummilli Lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. Ulu Öndərin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. 1993–cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir.
        Ulu Öndər dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir və bu səbəbdən Heydər Əliyev hər zaman dünya erməniliyinin hədəfində olmuşdur.   Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan – Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyir, ümümbəşəri dəyərlərə əsaslanaraq insan hüquq və azadlıqlarının təminatı, demokratikləşdirmə, dünya dövlətçilik sahələrində yeni–yeni uğurlara imza atır. Böyük iftixar hissi ilə qeyd etmək olar ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin arzularını və vəsiyyətlərini müvəffəqiyyətlə həyata keçirir. Azərbaycan dövlətçiliyi tarixinə Prezident İlham Əliyevin adı qızıl hərflərlə yazılmağa layiqdir. Təkcə bunu demək kifayətdir ki, 28 il ərzində Ermənistanın işğalı altında olan torpaqlarımız məhz onun komandanlığı ilə inanılmaz bir müddətdə cəmi 44 gun ərzində işğaldan azad olunmuş, dövlətimizin ərazi bütövlüyü təmin edilmişdir. 28 il məğlubiyyət acısından əziyyət çəkən Azərbaycan xalqı qalib və məğrur bir xalqa çevrilmişdir. Bu tarixi hadisəni iftixarla qeyd edən Prezidentimiz İlham Əliyev Şuşa şəhəri azad edildikdən sonra qürurla demişdir:”Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır. Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” Ulu öndər Heydər Əliyev ölməz şəxsiyyətdir. O, cismən aramızda olmasa da, öz ideyaları, tövsiyə və vəsiyyətləri ilə Azərbaycan xalqına və dövlətinə xidmət edir. Məhz onun ideoloji, nəzəri və siyasi irsi sayəsində Azərbaycanda dövlət quruculuğu müvəffəqiyyətlə inkişaf edir.  Prezident İlham Əliyevin 2023–cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. Bəli, Heydər Əliyev fenomeni zaman və məkan anlayışlarının fövqündədir. Yəni onun dövlətçilik irsi və parlaq ideyaları hər zaman – bütün dövrlər üçün aktualdır. Bütün dünya azərbaycanlılarının milli iftixarı Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Ulu Öndərimizin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun siyasi kursunun layiqli varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi–siyasi yolla bərpa olundu. Azərbaycanın rəşadətli ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən 2023–cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilən 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni–mənəvi dəyər kəsb edən Şuşada qürurla dalğalanmağa başladı, ərazi bütövlüyümüz təmin edildi. Dəmir yumruqla başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu gün də Ulu Öndərin vəsiyyəti ilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, bərpa edilir.
Xalqımız ulu öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü 15 iyun Azərbaycan Respublikasının dövlət bayramı – Milli qurtuluş günü kimi qeyd edilir. Bu isə bir daha Azərbaycan dövlətinin gücünü, Heydər Əliyev siyasətinin təntənəsini, möhtərəm Prezident İlham Əliyevin böyük liderlik xüsusiyyətlərini nümayiş etdirir.

                                                                                Cəmil Quliyev
                               LDU nəzdinsə Sosial və Aqrar–Texnoloji Kollecin
                            ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.