Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Elmlə təhsilin vəhdəti təkcə universitetlərlə deyil, orta məktəblərlə də olmalıdır”


Bakı şəhəri 244 saylı tam orta məktəbin 18 nəfərdən ibarət bir qrup şagirdi Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər.
 
Məktəblilərlə görüşən institutun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, elmlə təhsilin vəhdəti təkcə universitetlərlə deyil, orta məktəblərlə də olmalıdır: “Hər il keçirilən “Sabahın alimləri” adlı müsabiqədən görürük ki, orta məktəblərdə xüsusi istedadlı şagirdlər var. Onları aşağı yaş qruplarından aşkara çıxarıb, elmə yönləndirə bilən müəyyən addımların atılmasına ehtiyac var. Belə addımlardan biri də məktəblilər üçün elmi-tədqiqat institutlarında “Açıq qapı” günlərinin, onların ekskursiyasının təşkil olunmasıdır. Paralel şəkildə məktəblərin özlərində müxtəlif elmi müsabiqələr, fənn gecələri, elm günləri və s. kimi həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədəuyğundur”.
 
Ə.Sucayev qeyd edib ki, Aşqarlar Kimyası İnstitutu bu kimi tədbirlərə böyük önəm verir: “İnstitut laboratoriyaları həm tələbə, həm də məktəblilərin üzünə açıq elan edilib, onların fiziki-kimyəvi cihazlarla əyani tanışlığı təmin olunur. Eyni zamanda istər paytaxt, istərsə də regionlardakı ayrı-ayrı məktəblərin istedadlı şagirdlərinə tədqiqat bacarıqlarının inkişaf etdirilməsi üçün elmi dəstək verilib, respublika və beynəlxalq elmi müsabiqələrdə iştirak edən məktəblilərimizin layihələri qalib olub, onlar ölkəmizi layiqincə təmsil ediblər”.
 
Ə.Sucayev institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, nailiyyətləri, eləcə də bu elmi müəssisədə çalışmış Azərbaycanın görkəmli kimyaçıları – akademik Əli Quliyev, həmçinin kimyaçı ilk qadın akademik və aktrisa İzzət Orucova haqqında şagirdlərə məlumat verib.
 
Məktəbin kimya müəllimi, kimya üzrə fəlsəfə doktoru Sevinc Qocayeva məktəblilərə laboratoriyalarla əyani tanışlıq üçün şərait yaratdığına görə institut rəhbərliyinə təşəkkür edib.
 
Sonra məktəblilər ayrı-ayrı laboratoriyalara baş çəkərək orada aparılan maraqlı tədqiqatlarla, fiziki-kimyəvi cihazların iş prinsipləri ilə yaxından tanış olublar.
 
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova, gənc alim və mütəxəssislərdən Lalə Əliyeva, Mir Əli İsakov, Sevinc Talıbova şagirdlərin çoxsaylı suallarını cavablandırıb, onlar üçün bəzi əyləncəli təcrübələri nümayiş etdiriblər.





Tarix: 29-11-2022, 17:18

Xəbəri paylaş