Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Riyaziyyat müəllimlərinin I Bakı forumu keçirilib

Noyabrın 26-da 20 nömrəli məktəb-liseydə riyaziyyat müəllimlərinin I Bakı forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumun əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Forumda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün ümumi təhsil məktəblərindən 300-ə yaxın riyaziyyat müəllimi iştirak edib. Açılış nitqi ilə çıxış edən 200 nömrəli məktəb-lisey kompleksinin direktoru Esmira Quliyeva riyaziyyat fənninin əhəmiyyətindən danışıb, foruma maraq göstərdiklərinə görə iştirakçılara təşəkkür edib.
Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva riyaziyyatın fəlsəfənin özəyi olduğunu söyləyib. Rəqəmsal dövrdə yaşadığımızı vurğulayan M.Vəliyeva riyaziyyatın tədrisində yeni yanaşmaların vacibliyindən söz açıb. Qeyd edib ki, inkişaf etmək üçün müasir dövrlə ayaqlaşmaq, beynəlxalq təcrübələrdən faydalanmaq lazımdır.
Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu riyaziyyat müəllimlərinin şagirdlərin gələcək həyatlarında vacib rola malik olduğunu deyib. Riyaziyyat müəllimlərinə dərin müşahidəçi olmağı tövsiyə edən nazirlik rəsmisi müəllimlərə tədris zamanı qrup işindən yararlanmağın əhəmiyyətindən danışıb. Nazirliyin son illərdə xeyli sayda riyaziyyat üzrə elektron dərsləri Azərbaycan dilinə tərcümə etdiyini deyən V.Yaqublu bu dərslərin nazirliyin rəsmi saytında yer aldığını bildirib, müəllimlərə bu materiallardan yararlanmağı tövsiyə edib.
Forum panel müzakirələrlə davam edib.


Tarix: 26-11-2022, 14:30

Xəbəri paylaş