Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Pedaqoji Universitetdə Hüseyn Cavidin 140 illik yubileyi qeyd olunub

Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl ədibin əsərlərindən ibarət sərgi təqdim olunub.
Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov açılış nitqi ilə çıxış edərək Hüseyn Cavidin XX əsr Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi olduğunu diqqətə çatdırıb. Rektor vurğulayıb ki, onun yaradıcılığında milli və bəşəri idealların yüksək təcəssümü hələ bir əsr bundan əvvəl dünyaya verilmiş mesajdır. “Həqiqət istərəm, yalnız həqiqət”, - deyə bütün ömrü boyu çarpışan, yazıb-yaradan Hüseyn Cavidin əsərləri bu gün də aktualdır.
Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi dosent Lütviyyə Əsgərzadə “Hüseyn Cavid: mühiti və müasirləri”, ADPU-nun Ədəbiyyat kafedrasının dosenti Məlahət Babayeva isə “Hüseyn Cavid irsi və müasir dövr” mövzularında məruzələrlə çıxış edib, həmçinin Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədov və Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri dosent Nazilə Abdullazadə böyük dramaturqun yaradıcılığı haqqında təəssüratlarını bölüşüblər.
Hüseyn Cavidin qızı Turan Cavidin xatirələrindən ibarət videoçarxın nümayişindən sonra fakültədə fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvlərinin təqdimatında ölməz sənətkarın yaradıcılığından əbədiyaşar incilər təqdim olunub.
Bədii kompozisiyada ədibin “Şeyx Sənan”, “İblis” əsərlərindən səhnələr nümayiş olunub, H.Cavidin “Qız məktəbində” şeirinə bəstələnmiş mahnı dərnəyin üzvü Sədəfxanım Mehdiyevanın ifasında səsləndirilib.
Sonda çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova Hüseyn Cavidin əsərləri elə bir haqdan qüdrət alıb ki, bu gün də aktual və mənalı səslənir.


Tarix: 21-11-2022, 10:03

Xəbəri paylaş