Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Sabahdan respublika fənn olimpiadalarına qeydiyyat başlanır

Sabah respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə başlanılacaq.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Şagirdlər portal.edu.az platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.
Qeydiyyat noyabrın 24-dək davam edəcək.
Noyabrın 25-28-də olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi baş tutacaq. Noyabrın 29-dan dekabrın 7-dək isə buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi prosesi həyata keçiriləcək.
Olimpiadada iştirak etmək istəyən şagirdlərin qeydiyyatlarının tamamlandığına dair onların “Şəxsi kabinet”lərindəki əlaqə nömrələrinə SMS bildiriş göndəriləcək, eyni zamanda, qeydiyyat pəncərəsində “Qeydiyyatınız tamamlandı” yazısı görünəcək.
2022-2023-cü tədris ili üçün respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştirakının təmin edilməsidir.
Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də oflayn qaydada əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.
Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir.
Fənn olimpiadaları ilə bağlı ən çox verilən suallar və onların cavabları ilə linkdə tanış olmaq mümkündür.


Tarix: 10-11-2022, 16:29

Xəbəri paylaş