Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Yaradıcı müəllim: inkişaf edək, etdirək” təqdimat müsabiqəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Yaradıcı müəllim: inkişaf edək, etdirək” təqdimat müsabiqəsinə start verilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.
Müsabiqədə Bakı şəhəri ümumi təhsil məktəblərinin fənn müəllimləri və həmin müəllimlərin dərs keçdiyi 1 nəfər 5-11-ci sinif şagirdi iştirak edə bilər. İki mərhələdən (məktəb, şəhər) ibarət müsabiqədə iştirak etmək istəyən müəllimlər noyabrın 15-dək müraciət etdikləri mövzu ilə bağlı tezisi (2 səhifədən çox olmamaq şərtilə) [email protected] ünvanına göndərməlidirlər. Müsabiqənin şəhər (final) mərhələsində müəllimlər müraciət etdikləri mövzunu şagirdi ilə bərabər Münsiflər heyəti və dinləyicilərə 8 dəqiqəlik interaktiv çıxış formatında təqdim edəcəklər.
Təqdimatların qiymətləndirilməsi zamanı mövzunun aktuallığı, yeniliyi, təqdim edilmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə əsas meyarlar kimi götürüləcək. Hər meyar 5 balla qiymətləndiriləcək.
Müsabiqənin nəticəsinə əsasən, 15 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 6 nəfər isə həvəsləndirici yer) və 15 şagird (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 6 nəfər həvəsləndirici yer) qalib seçiləcək.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.


Tarix: 5-11-2022, 23:01

Xəbəri paylaş