Məktəbdənkənar fəaliyyətlə bağlı müşavirə
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və bölgə üzrə uşaq-gənclər inkişaf və idman-şahmat məktəblərinin, Gəncə şəhər idman liseyinin əməkdaşları iştirak ediblər.
Müşavirənin keçirilməsində məqsəd məktəbdənkənar təhsil sahəsinin mövcud vəziyyətinin öyrənilməsi və bu sahənin inkişafı yönündə müvafiq tədbirlərin müəyyənləşdirilməsindən ibarət olub.
Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov məktəbdənkənar təhsil müəssisələrinin qarşısına qoyulan vəzifələrdən söz açıb. Nazir müavini bu təhsil müəssisələrinin fəaliyyəti üçün nümunəvi şəraitin yaradılmasını vurğulayaraq ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından, həmçinin görülən işlərdən danışıb.
Çıxışının sonunda Firudin Qurbanov şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlb olunması, məktəblərdə təlim-tərbiyə prosesinin düzgün təşkili, nizam-intizam qaydalarına riayət edilməsi, təhlükəsizlik tədbirlərinin icrası işinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Sonda müzakirələr aparılıb, müvafiq suallar cavablandırılıb.
Səfər çərçivəsində nazir müavini “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin ərazisində aparılan əsaslı təmir-tikinti işləri ilə də tanış olub. Qeyd edilib ki, sözügedən müəssisənin tikinti işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Tarix: 27-10-2022, 19:30
Xəbəri paylaş