Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Gürcüstanın təhsil və elm naziri BDU-da olub


Bakıda işgüzar səfərdə olan Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. Nazir əvvəlcə BDU-nun rektoru Elçin Babayevlə, daha sonra universitetin professor-müəllim heyəti və tələbələrlə görüşüb.
 
Görüşdə çıxış edən rektor Elçin Babayev BDU və Gürcüstan universitetləri arasında elm və təhsil sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin zəruriliyini bildirib.
 
Rektor qeyd edib ki, BDU-nun qarşıya qoyduğu əsas məqsədlərdən biri təhsil və elmin təcrübə ilə əlaqələndirilməsi və müxtəlif sahələr üzrə beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Bu istiqamətdə Gürcüstan universitetləri ilə əməkdaşlığa xüsusi önəm verilir. E.Babayev Gürcüstan universitetləri ilə əməkdaşlığın genişləndiriləcəyini, qarşılıqlı müəllim, tələbə mübadiləsinin, birgə layihələrin həyata keçiriləcəyini, ikili diplom proqramlarının imzalanacağını diqqətə çatdırıb.
 
Rektor, həmçinin qeyd edib ki, 2023-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə BDU tərəfindən Gürcüstan ali məktəbləri ilə birgə konfrans və seminarlar keçiriləcək. BDU, eyni zamanda Tbilisi Dövlət Universitetində yerləşən Heydər Əliyev adına Mərkəzin və kitabxananın yaradılmasına, texniki təchizatına yardım edəcək, burada BDU-nun professor-müəllim heyəti Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan dili ilə bağlı mühazirələr deyəcək, elmi seminarlar keçirəcək.
 
Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli Azərbaycanın aparıcı universiteti olan BDU ilə əməkdaşlığın iki ölkə arasında dostluq münasibətlərinə töhfə verəcəyinə əminliyini bildirib və rektor Elçin Babayevi Gürcüstana səfərə dəvət edib. Qeyd edib ki, BDU Tbilisi Dövlət Universiteti, Kutaisi Beynəlxalq Universiteti ilə çox yaxşı əməkdaşlıq perspektivlərinə malikdir. Nazir hazırda Tbilisi Dövlət Universitetində Azərbaycanşünaslıq ixtisasının tədris edildiyini diqqətə çatdırıb.
 
Sonda nazir Mixeil Çxenkeli tələbələrin çoxsaylı suallarını cavablandırıb.


Tarix: 24-10-2022, 16:30

Xəbəri paylaş