Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AMEA ilə Elm və Təhsil Nazirliyi elm siyasətinin həyata keçirilməsində birgə fəaliyyət göstərəcək


AMEA ilə Elm və Təhsil Nazirliyi ölkəmizdə elm siyasətinin həyata keçirilməsində birgə fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanından irəli gələn vəzifələrə dair çıxışı zamanı məlumat verib.
Alim qeyd edib ki, sözügedən Fərman ölkəmizdə aparılan tədqiqatların idarəolunması, maliyyələşdirilməsi, müvafiq institut və təşkilatların maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən həmin strukturların sayının optimallaşdırılması kimi mühüm məsələləri nəzərdə tutur. Vitse-prezident bildirib ki, elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, çevikləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması məqsədi daşıyan həmin Fərman Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş FRTEB-ə daxil olan elmi müəssisə və təşkilatların qarşısına da ciddi vəzifələr qoyub.
Akademik Rasim Əliquliyev Fərmandan irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycanda elm sahəsində dövlət siyasətinin həyata keçirilməsi işinin təşkili, problemlərin müəyyənləşdirilməsi, elmi fəaliyyətin stimullaşdırılması istiqamətində hüquqi platformada daha səmərəli, çevik mexanizmlər əsasında tədbirlərin görüldüyünü diqqətə çatdırıb. O, bu məqsədlə AMEA-da akademiyanın prezidenti v.i.e., akademik Arif Həşimovun rəhbərliyi ilə Komissiyanın yaradıldığını, yeni şəraitə uyğun olaraq AMEA Nizamnaməsinin hazırlanması üzrə işlərin yekunlaşdığını və layihənin təqdim olunduğunu bildirib.
Vitse-prezident elmi müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi məqsədilə yaradılacaq Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsinin işlənilməsi istiqamətində də tədbirlərin görüldüyünü qeyd edib. Alim AMEA və Elm və Təhsil Nazirliyinin birgə fəaliyyət göstərərək ölkəmizdə elm siyasətinin həyata keçirilməsində fəal iştirak edəcəklərini vurğulayıb.
O, FRTEB-in Ümumi yığıncağının bundan sonra da elmi müzakirə platforması kimi fəaliyyətini davam etdirəcəyini, dünyada bu sahədə gedən proseslərin, fundamental və tətbiqi tədqiqatların qarşısında duran vəzifələrin dövlətimizin tələblərinə uyğun seçilməsi, ümumilikdə ölkəmizdə bu proseslərin koordinasiya olunması və istiqamətləndirilməsi, elm və təhsilin qarşılıqlı inteqrasiyası, resursların daha da optimallaşdırılması, beynəlxalq elmi əlaqələrin səmərəli təşkili və sair istiqamətdə işlərin həyata keçirilməsində yaxından iştirak edəcəyini deyib.



Tarix: 23-10-2022, 16:28

Xəbəri paylaş