Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Xəzər Universitetində Çin Tədqiqatlar Mərkəzi fəaliyyətə başlayıb





Oktyabrın 21-də Xəzər Universitetində Çin Tədqiqatlar Mərkəzi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə əyani və onlayn formatda keçirilən açılış mərasimində Xəzər Universitetinin rektoru İradə Xəlilova, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, Çinin Azərbaycandakı səfiri xanım Qo Min və digərləri iştirak edib.
Bildirilib ki, iki xalq arasında hələ tarixi İpək Yolu dövründə təməli qoyulan münasibətlər müasir dövrdə yeni müstəvidə uğurla inkişaf edir. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu vurğulayan natiqlər, hazırda əlaqələrimizin dövlət başçıları İlham Əliyev və Si Cinpinin siyasi iradəsi və tapşırıqları ilə müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırıblar. 
Qeyd olunub ki, Azərbaycanın da dəstəklədiyi Çinin “Kəmər və yol” təşəbbüsünü iki ölkə arasında əlaqələrin, o cümlədən elm və təhsil, mədəniyyət sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradıb. 
Müasir dövrdə iki ölkə arasında əlaqələrin intensiv inkişafının xalqlarımızın bir-birini daha yaxından tanımaq zərurətini ortaya çıxardığını nəzərə alınaraq, Xəzər Universitetində Çin Tədqiqatlar Mərkəzinin yaradılması ilə bağlı qərar qəbul edilib.
Pekin Dil və Mədəniyyət Universitetinin “Kəmər və yol” Akademiyasının direktoru, Dünya Çinşünaslar Şurasının məsul işçisi Su Baofenq və Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, Çin İctimai Elmlər Akademiyasının dəvətli alimi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Xəzər Universitetində Çin Tədqiqatlar Mərkəzi haqqında məlumat veriblər. 
Qeyd olunub ki, Azərbaycanda Çin üzrə ixtisaslaşmış ilk və yeganə beyin mərkəzi (“Think tank”) funksiyasını yerinə yetirəcək tədqiqat mərkəz iki ölkə arasında tarixi əlaqələrinin Çin və Azərbaycan mənbələri əsasında araşdırılması, Çin mədəniyyəti, iqtisadiyyatı, Azərbaycan-Çin münasibətləri mövzularında dərinləşdirilmiş tədqiqat işlərinin aparılması, humanitar, mədəniyyət, təhsil və elm əlaqələrinin dinamik inkişafına dəstək verilməsi istiqamətinə fəaliyyət göstərəcək. Bundan başqa, mərkəz Azərbaycanda Çin dilinin tədrisinin optimallaşdırılması, təkmilləşdirilməsi və tədris metodlarının tədqiqi, Azərbaycan çinşünaslarının mərkəzin elmi fəaliyyətinə cəlb olunması, Çinin müvafiq tədqiqat və beyin mərkəzləri ilə əməkdaşlığın təmin edilməsi ilə də məşğul olacaq.
Xəzər Universitetində Çin Tədqiqatlar Mərkəzi dünyanın tanınmış çinşünasları və Çin üzrə ixtisaslaşmış tədqiqat mərkəzləri, eləcə də beyin mərkəzləri ilə əməkdaşlıq edəcək, iki ölkənin pedaqoq və alimlərinin qarşılıqlı təmaslarının təşkilinə çalışacaq, tələbələr arasında Çində təhsillə bağlı müvafiq maarifləndirici tədbirlər həyata keçirəcək. Mərkəzin nəzdində Çin üzrə elmi data bazanın yaradılması da nəzərdə tutulub. 
Qeyd olunub ki, mərkəz Azərbaycan-Çin münasibətlərinə dair araşdırma və məlumat xarakterli məqalələrin hazırlanmasına dəstək verəcək, iki ölkə arasında qeyri-dövlət qurumları (muzey, kitabxana və s.) arasında təmasların yaradılmasına yardım edəcək. Mərkəzin fəaliyyətinin davamlılığının və effektivliyinin təmin edilməsi məqsədilə yerli və xarici (Çin və digər müvafiq ölkələrdən) çinşünas alimlərdən ibarət elmi şuranın yaradılması, “Azərbaycan Beynəlxalq Çinşünaslıq” elmi jurnalının buraxılması, illik elmi konfransların və seminarların təşkil olunması, mütəmadi qarşılıqlı bədii və elmi tərcümə işlərinin həyata keçirilməsi, eləcə də tərcümə xidmətlərinin təklifi, çoxfunksiyalı lüğətlərin tərtib olunması və tədqiqi, Çin dili dərsliklərinin yazılması planlaşdırılıb. 
 Xəzər Universitetindəki Çin Tədqiqatlar Mərkəzinin yaradılmasında və fəaliyyətində əsas tərəfdaş Çinin Dünya Çinşünaslıq Mərkəzidir. Bundan başqa, Çinin digər müvafiq qurumları ilə də əməkdaşlıq nəzərdə tutulub və müvafiq ilkin əlaqələr artıq yaradılıb.


Tarix: 22-10-2022, 12:57

Xəbəri paylaş