Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir.
UNESCO-nun saytında bildirilir ki, bu il Beynəlxalq Müəllimlər Günü “Təhsilin transformasiyası müəllimlərdən başlayır” mövzusuna həsr olunub. UNESCO-nun Baş direktoru Odre Azule, Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Gilbert Hounqbo, UNICEF-in icraçı direktoru Ketrin Rassel, Beynəlxalq Təhsilin Baş katibi David Edvards Beynəlxalq Müəllimlər Günü münasibətilə ictimaiyyətə birgə müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, dünya təhsili transformasiya etmək və müəllimlərin bu transformasiyaya rəhbərliyinə mane olan əsas amilləri aradan qaldırmaq öhdəliyini götürüb.
COVID-19 pandemiyasının doğurduğu böhran göstərdi ki, müəllimlər təhsil sisteminin hərəkətverici gücü və əsas qüvvəsidir. Onların əməyi olmadan inklüziv, ədalətli və keyfiyyətli təhsili təmin etmək mümkün deyil. Müəllimlər, həmçinin pandemiyadan sonra bərpa prosesində və şagirdlərin gələcəyə hazırlanmasında həlledici rol oynayırlar. Lakin onların iş şəraiti dəyişdirilməsə, bu cür təhsilin perspektivləri ona daha çox ehtiyacı olanlar üçün əlçatmaz qalacaq. Təhsilin transformasiyası üzrə Sammitdə təsdiqləndiyi kimi, bunun üçün lazım olan yerdə və zamanda müvafiq potensiala malik və ixtisaslı müəllim və bacarıqlı təhsil işçiləri olmalıdır. Lakin dünyanın bir çox yerlərində siniflər doludur, müəllim isə azdır. Müəllimlərin müstəsna rolunu tanımaq və istedadlarını ortaya çıxarmaq üçün lazımi kömək göstərmək və iş şəraiti yaratmaqla onlara təlim və peşəkar inkişaf imkanları verməyin vaxtıdır.
Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.
Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldib. Xatırladaq ki, oktyabrın 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 51 müəllim “Əməkdar müəllim” fəxri adına, 71 təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb. Həmçinin beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən üç təhsil işçisi “Əməkdar müəllim” fəxri adına, səkkiz təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb.
Son 20 ildə ölkəmizdə 3600 yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Cari ilin sonuna kimi Elm və Təhsil Nazirliyi tərəfindən 61 məktəbin tikilməsi planlaşdırılır ki, onlardan da 30-u modul tiplidir. Ümumilikdə Heydər Əliyev Fondu, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və digər qurumlar tərəfindən məktəblər tikilir, bərpa olunur. Belə ki, 70-dən artıq məktəbin bərpası və yenidən tikilərək yararlı bir şəkildə təhsil sisteminə qaytarılması planlaşdırılır.
İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən nəinki fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri əhatə edir. Yeni, müasir məktəblər, təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.
İkinci ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. Azərbaycan müəllimi bu gün Zəngilanın Ağalı kəndində uşaqlara bilik öyrədir.
Xatırladaq ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif edilib. Şəhid təhsil işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7-si “Şuşanın azad olunmasına görə”, 3-ü “Füzulinin azad olunmasına görə”, 2-si “Xocavəndin azad olunmasına görə”, 4-ü “Cəsur döyüşçü”, 4-ü “Döyüşdə fərqlənməyə görə”, 5-i “Qubadlının azad olunmasına görə”, 5-i “Cəbrayılın azad olunmasına görə”, 2-si “Laçının azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Azərtac
Tarix: 5-10-2022, 09:00