Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Erik Hayzer: Azərbaycan elmi və təhsili GEANT şəbəkəsi vasitəsilə mühüm nailiyyətlər əldə edə biləcək




İnformasiya Texnologiyaları İnstitutu nüfuzlu konfransın öhdəsindən layiqincə gəldi.
AZƏRTAC xəbər verir ki, bu fikri GEANT-ın baş direktoru Erik Hayzer “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın bağlanış mərasimində bildirib.
Konfransın yekunu kimi Azərbaycan elmi və təhsilinin inkişafı, eləcə də Avropa mühitinə inteqrasiyası istiqamətində tövsiyələrini səsləndirən E.Hayzer “AzScienceNet”in təcrübəsindən istifadə etməklə tədqiqat və təhsil şəbəkəsinin yaradılması, həmin şəbəkəyə ölkə daxilində sərmayə yatırılması, GEANT-ın təkcə şəbəkə deyil, digər xidmətlərindən də istifadə edilməsi və bu təşkilatın tam şəkildə üzvü olmaq üçün milli səviyyədə maliyyələşdirmənin təmin olunmasının son dərəcə vacib olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, Azərbaycan elmi və təhsili GEANT şəbəkəsi vasitəsilə beynəlxalq elmi cəmiyyətdən faydalanaraq daha mühüm nailiyyətlər əldə edə biləcək.
E.Hayzer çıxışı zamanı konfransın yüksək səviyyədə təşkilinə görə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyevə, “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyevə, eləcə də digər institut əməkdaşları və aidiyyəti şəxslərə dərin minnətdarlığını ifadə edib: “Hər kəsin “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”na verdiyi töhfəni və bu tədbirin təşkili üçün göstərdiyi köməyi yüksək qiymətləndirirəm. Əminliklə deyə bilərəm ki, İnformasiya Texnologiyaları İnstitutu bu nüfuzlu tədbirin öhdəsindən layiqincə gəldi”.
GEANT-ın baş direktoru konfransdan sonra Azərbaycan və Avropa İttifaqı arasında dayanıqlı elmi əməkdaşlıq əlaqələrinin təşkili istiqamətində ciddi uğurların əldə olunacağına, müxtəlif fəaliyyət sferaları arasında inteqrasiyanın daha da dərinləşəcəyinə ümidvar olduğunu vurğulayıb.


Tarix: 1-10-2022, 15:00

Xəbəri paylaş