Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Akademik İsa Həbibbəyli: “Heydər Əliyev İli” Azərbaycanın müstəqil dövlətçilik ideallarının təntənəsi ilidir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan etməsi haqqında Sərəncam imzalaması bu dahi şəxsiyyətin dünya tarixindəki yeri və mövqeyinə, müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinə dövlət səviyyəsində göstərilən yüksək münasibətin, verilmiş böyük qiymətin əməli ifadəsidir. Azərbaycan dövləti və xalqımız 1969-cu ildən başlayaraq 53 ildir ki, Heydər Əliyev epoxasında qurub-yaradır və ölkəmiz bu uzaqgörən dahi şəxsiyyətin ideallarının işığında hərtərəfli inkişaf edir. Bu tarixi epoxanın bütün parlaq hadisələri və nailiyyətləri Heydər Əliyevin ölməz adı və ideyaları ilə üzvi surətdə əlaqədardır. XXI əsrin dünya liderlərindən biri olan Prezident İlham Əliyev Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi ilə Heydər Əliyev epoxasının yeni bir erasını yaradıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib. O qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı çoxəsrlik Azərbaycan tarixində xüsusi mərhələ olan Heydər Əliyev epoxasının mahiyyətini, hadisələrini və nailiyyətlərini daha əsaslı və sistemli şəkildə dərk və şərh etməyə, xalqımıza və dünyaya çatdırılmasına şərait yaradır.
Akademik vurğulayıb ki, “Heydər Əliyev İli” bu dahi şəxsiyyətin həyatı, fəaliyyəti, mübarizəsi və idealları ilə əlaqədar bir çox mühüm məsələlərə yenidən və əsaslı qayıdışa şərait yaradacaq. Görkəmli dövlət xadimi Heydər Əliyevin dünya dövlətçilik tarixində ilk dəfə olaraq qazandığı Ümummilli Liderlik statusunun elmi, siyasi-fəlsəfi əsaslarının sistemli və hərtərəfli şəkildə araşdırılıb öyrənilməsi dünya elmi fikrində mühüm bir yenilik ola bilər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi dünya miqyasında dövlət rəhbəri etalonu olaraq elmi şəkildə təqdim etmək müasir dünyanın ehtiyacı olduğu tarixdə şəxsiyyətin rolu və missiyası kimi böyük siyasi-tarixi dəyərlərin parlaq bir modelini yaratmağa xidmət edər.
Haqqında çox yazılmasına baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyevin dünya dövlətçilik tarixində və Azərbaycan xalqının milli intibahındakı yeri və rolunu real şəkildə əks etdirən fundamental və sistemli elmi əsərlərin, dahi şəxsiyyətin elmi bioqrafiyasının, müxtəlif janrlarda yazılmış parlaq ədəbiyyat və incəsənət əsərlərinin yazılmasına ehtiyac var.
Azərbaycanın elmi-intellektual potensialı, yaradıcı ziyalılarımız və alimlərimiz “Heydər Əliyev İli”nin çağırışlarına Heydər Əliyevin ömür və mübarizə yolunun dərslərini, müstəqil dövlətçilik və azərbaycançılıq ideallarını dərindən və əsaslı şəkildə əks etdirən fundamental elmi və parlaq bədii əsərlərin xalqımıza və xarici dillərdə dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlarını səfərbər edəcəklər.
“Heydər Əliyev İli” müstəqil Azərbaycan dövlətinin Ulu Öndərin ideallarının işığında qazandığı parlaq nailiyyətlərin bütün dünya qarşısında möhtəşəm hesabatı ili olacaqdır. Bu mənada “Heydər Əliyev İli” Azərbaycanda müstəqil dövlətçilik ideallarının təntənəsi ilinə çevriləcək. Bu həm də ümummilli lider Heydər Əliyevin əbədiyaşarlığının təntənəsi deməkdir. “Heydər Əliyev İli” müasir nəsillər üçün görkəmli dövlət xadiminin adına və ideallarına layiq şəkildə yaşamaq və işləməyə çağırış kimi də mühüm əhəmiyyətə malikdir.


Tarix: 1-10-2022, 18:30

Xəbəri paylaş