Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

"5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı"






Sentyabrın 28-də "5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) beynəlxalq konfransı"nın açılış mərasimi keçirilib. 
 
Konfransda iştirak üçün 50-yə yaxın ölkəni, o cümlədən müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər qatılıblar. 
 
GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.

Konfransda açılış nitqi ilə çıxış edən AMEA-nın prezidenti vəzifələrini icra edən Arif Həşimov bildirib ki,“EaPEC 2022” Azərbaycan elmi ictimaiyyətinin Avropa mühitinə inteqrasiyasını sürətləndirməklə yanaşı, azərbaycanlı alimlərə xarici həmkarları ilə birgə tədqiqatlar aparmağa, layihələr həyata keçirməyə və beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.

Tədbirdə çıxış edən GEANT-ın baş direktoru Erik Huizer iki gün davam edəcək konfrans çərçivəsində iştirakçı ölkələrdən olan xüsusi ekspertlərin müxtəlif  mövzulara dair məruzələrinin dinləniləcəyini, həmkarlarla mühüm məsələlər üzrə təcrübə və fikir mübadiləsinin aparılacağını diqqətə çatdırıb.

Konfransda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm, təhsil və yüksəkixtisaslı, savadlı kadrların hazırlığı istiqamətində yürütdüyü siyasətdən  danışıb. Bildirib ki, məhz bu sahədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycanda dünyanın nüfuzlu qurumlarının təşkilatçılığı ilə beynəlxalq elmi tədbirlərin keçirilməsi ənənəvi hal alıb. Elm və təhsil nazirinin müavini bu tədbirin Azərbaycan elmi və təhsilinin inkişafı üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb, dünyada sürətlə inkişaf edən informasiya texnologiyalarının ölkəmizin elm və təhsil sistemi qarşısında yeni tələblər qoyduğunu bildirib. Nazir müavininin sözlərinə görə, belə bir nüfuzlu tədbirin keçirilməsi Şərq Tərəfdaşlığı ölkələri arasında elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi və gücləndirilməsi baxımından son dərəcə vacibdir. 
 
Firudin Qurbanov əlavə edib ki, ölkəmizdə gedən rəqəmsallaşma tədbirlərin tərkib hissəsi kimi, son illər təhsilin rəqəmsal transformasiyası üzrə sistemli və ardıcıl islahatlar həyata keçirilir. Təhsil müəssisələri İKT avadanlıqları və internet bağlantısı ilə təmin olunur, həmin təhsil müəssisələrinin kadrları bilik və bacarıqaların artırılması istiqamətində müxtəlif təlimlərdə iştirak edirlər. “EaPConnect layihəsi çərçivəsində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədilə təşkil olunan, e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunacağı “EaPEC 2022” konfransının ölkəmizdə keçirilməsi Azərbaycan elmi üçün geniş imkanlar açacaq. Dünyanın ən nəhəng elmi araşdırma və tədqiqat şəbəkəsi olan GEANT şəbəkəsi bütün iştirakçılarına elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tərtib etmək üçün şərait yaradır.
 
Firudin Qurbanov “EaPEC 2022-nin həm də Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağına əminliyini ifadə edib.
 
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov da öz növbəsində Şərq Tərəfdaşlığı ölkələrinin informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayaraq tədbirin Azərbaycan elmi və təhsilinin dünyanın müvafiq sahədə fəaliyyət göstərən nüfuzlu qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində yeni imkanlar açacağına inamını ifadə edib. 
 
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov böyük nüfuz qazanmış “EaPEC 2022” konfransının elmi-texniki kadrların hazırlanması və səviyyəsinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın təşkili, birgə elmi tədqiqatların həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılması, Azərbaycanda əldə olunmuş mühüm elmi nailiyyətlərin Avropa ictimaiyyətinə təqdim olunması baxımından son dərəcə əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
 
Sonra Şərq Tərəfdaşlığı ölkələri ilə rəqəmsal və iqtisadi əməkdaşlıq üzrə proqram meneceri Tibault Şarlet (Thibault Charlet) çıxış edərək tədbirin Şərq Tərəfdaşlığı ölkələri üçün əhəmiyyətindən bəhs edib. 
Daha sonra “EapConnect” layihəsinin meneceri Irina Matthew “EaPEC 2022” konfransının əhəmiyyətini önə çəkib, belə bir mühüm konfransın Azərbaycanda təşkilinin Avropa elmi ictimaiyyətinin dövlətimizə olan etimadın göstəricisi olduğunu söyləyib.  
 
Konfransda AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev Azərbaycanda EaPConnect layihəsinin 2015-ci ildən fəaliyyət göstərdiyini bildirərək ötən müddət ərzində bu layihə çərçivəsində həyata keçirilmiş  mühüm işləri diqqətə çatdırıb. 
 
Sonra konfrans öz işini seksiya iclasları ilə davam etdirib. 


Tarix: 28-09-2022, 22:08

Xəbəri paylaş