Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

GEANT-ın baş direktoru: Azərbaycanlı tədqiqatçıların Avropada təcrübə keçməsinı dəstək göstərməyə hazırıq



Sentyabrın 28-29-da Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” (EaPEC 2022) keçiriləcək. Avropa ölkələrinin alim və mütəxəssislərini bir araya gətirəcək tədbir GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” layihəsi çərçivəsində reallaşdırılacaq. Konfransın keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.
Bununla əlaqədar olaraq, İnformasiya Texnologiyaları İnstitutunda GEANT Assosiasiyasının baş direktoru Erik Hayzer ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə “EaPEC 2022” konfransının təşkilat komitəsinin üzvləri, “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin heyəti və institutun gənc tədqiqatçıları iştirak ediblər.
Öncə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev alimi kollektivə təqdim edib.
E.Hayzerin Avropada internet texnologiyasının təşkilatçılarından biri olduğunu qeyd edən akademik R.Əliquliyev bildirib ki, 2014-cü ildə onun adı internetin inkişafına verdiyi mühüm töhfələrə görə İnternetin Şöhrət Zalına (ISOC beynəlxalq təşkilatı tərəfindən təsis edilən illik mükafat) daxil edilib.
AMEA-nın vitse-prezidenti GEANT-ın qlobal miqyasda, Afrika, Asiya və Latın Amerikası da daxil olmaqla, dünyanın bütün ölkələrində tədqiqat və təhsil şəbəkələrinin yaradılması və inkişafını təmin etmək üçün regional tərəfdaşlarla işlədiyini diqqətə çatdırıb. Şərq Tərəfdaşlığı ölkələrini (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və s.) əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən tədqiqat və təhsil müəssisələrində milyonlarla alim, müəllim heyəti və tələbənin yüksəksürətli, genişzolaqlı internet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsini nəzərdə tutan “EaPConnect” layihəsinin əhəmiyyətindən bəhs edib.
E.Hayzerin “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nda iştirak üçün Bakıya səfər etdiyini söyləyən akademik bu mötəbər tədbirin Azərbaycan elminin Avropanın intellektual cəmiyyətinə effektiv şəkildə inteqrasiyasının təmin olunması baxımından mühüm platforma rolunu oynayacağını vurğulayıb.
Akademik R.Əliquliyev E.Hayzerin tədbir iştirakçılarını GEANT-ın təqdim etdiyi imkanlar haqqında məlumatlandırması, gənc tədqiqatçıların Avropanın aparıcı universitetlərinin təhsil proqramlarına cəlb edilməsi, onların elmi fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində dəyərli tövsiyələrini bildirməsi üçün qonağa söz verib.
Sonra GEANT Assosiasiyasının baş direktoru Erik Hayzer çıxış edərək, Azərbaycana ilk dəfə səfər etdiyini və ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib.
GEANT-ın əsas fəaliyyət istiqamətləri haqqında məlumat verən E.Hayzer qurumun tədqiqat və təhsil üçün elektron infrastruktur və xidmətlər üzrə Avropanın aparıcı əməkdaşlıq təşkilatı olduğunu bildirib. Baş direktor qurumun 40-dan çox ölkəyə internet xidmətləri təklif etdiyini, Azərbaycanın bu qurumda “AzScienceNet” elm-kompüter şəbəkəsi vasitəsilə təmsil olunduğunu diqqətə çatdırıb. O, Azərbaycanın Avropanın müvafiq qurumları ilə mövcud əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsi üçün geniş şəraitin yaradıldığını vurğulayıb. Bütün Avropa üzrə 10 min institut, 50 milyon akademik istifadəçini əhatə edən bu şəbəkəyə daxil olan hər bir ölkənin milli tədqiqat və təhsil şəbəkəsinə malik olduğunu qeyd edib.
GEANT-ın baş direktoru əlavə edib ki, bu şəbəkə fizika, yer və ətraf mühit elmləri, enerji, sağlamlıq və qida, sosial elmlər, e-infrastrukturlar sahəsində fəaliyyət göstərən alim, mütəxəssis və tədqiqatçılara yerli internet vasitəsilə aparılması mümkün olmayan tədqiqatları reallaşdırmağa imkan verir.
Azərbaycanın GEANT-ın təqdim etdiyi bir sıra xidmətlərdən istifadə etmədiyini də qeyd edən E.Hayzer həmin xidmətlərin imkanlarından bəhs edib, ölkənin bu xidmətlərə əlçatanlığının təmin olunmasının əhəmiyyətini vurğulayıb. O, həmçinin GEANT-ın təqdim etdiyi “eduMEET”, “eduGAIN”, “eduTEAMS”, “High Performance Computing” xidmətlərinin üstünlükləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
E.Hayzer GEANT şəbəkəsinin Şimali və Cənubi Amerika, Afrika, Avstraliya ölkələri, eləcə də Çin və Yaponiya ilə əlaqələrinin yaradıldığını bildirərək şəbəkənin xidmətlərindən istifadə edən hər bir tədqiqatçının bu imkanlardan yararlanmasının mümkün olduğunu önə çəkib.
GEANT-ın baş direktoru şəbəkənin “Amazon”, “Microsoft”, “Google” kimi nəhəng şirkətlərlə əməkdaşlıq əlaqələrinin müzakirə olunduğunu da diqqətə çatdırıb.
E.Hayzer çıxışının sonunda kadr hazırlığı istiqamətində işlərin görülməsinin vacib məsələlərdən olduğuna diqqət çəkərək Azərbaycanın gənc tədqiqatçılarının, alim və mütəxəssislərinin Avropanın müxtəlif elm və təhsil müəssisələrinə təcrübə keçmək məqsədilə göndərilməsi üçün lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirib.
Daha sonra E.Hayzer institutun əməkdaşları tərəfindən ona ünvanlanan sualları cavablandırıb.


Tarix: 27-09-2022, 21:04

Xəbəri paylaş