Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli məktəblərinə 18 adda 21703 nüsxə dərslik göndərib





Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, nazirlik Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 2022-2023-cü tədris ili üçün 18 adda 21703 nüsxə dərslik göndərib.
Dərsliklər sentyabrın 23-də Elm və Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının iştirakı ilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil verilib. 
Qeyd edək ki, Ana dili və Ədəbiyyat dərsliklərinin mübadiləsi 2022-ci il 21 fevral tarixində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” əsasında həyata keçirilir.
Son 5 ildə Elm və Təhsil Nazirliyi tərəfindən 105913 nüsxə dərslik və metodiki vəsait Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə göndərilib.
Gürcüstanın Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq əlaqələr Departamentinin rəhbəri Kaxa Xondolişvili Azərbaycanın bu yardımını yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanın Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Gürcüstandakı azərbaycandilli məktəblərin bu cür dərsliklərlə təmin olunması məktəblilərin öz ana dillərinə marağının artmasında və onların daha savadlı vətəndaş kimi böyümələrində mühüm rol oynayacaq.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov isə bildirib ki, Gürcüstandakı soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu günədək Gürcüstanda yaşayan soydaşlarımız üçün 650 minə yaxın dərslik və metodik vəsait göndərilib. Bu vəsaitlər yaxın günlərdə Gürcüstandakı 116 azərbaycandilli məktəbə paylanılacaq.
Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin məsul əməkdaşı Məzahir Əliyev isə bildirib ki, Azərbaycan Prezidenti Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli üçün Gürcüstan dövləti ilə müvafiq işlər görür. Dərsliklərin göndərilməsi də soydaşlarımıza dəstəyin və birgə əməkdaşlığımızın nümunəsidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 






Tarix: 23-09-2022, 21:58

Xəbəri paylaş