“İT-Akademiya” təhsil layihəsinə başlanılıb
Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin birgə əməkdaşlığı çərçivəsində “İT-Akademiya” təhsil layihəsinin tətbiqinə başlanılıb.
Artıq rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyən 150 tələbə layihə çərçivəsində veb-tərtibatçı, sistem administratoru (inzibatçı) və testləşməyə dair mühəndis peşələri üzrə dərslərə başlayıb.
Tədris onlayn və əyani rejimdə, həftədə 3 dəfə olmaqla 5 ay davam edəcək.
Kursları müvəffəqiyyətlə bitirənlərə sertifikat veriləcək.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və “Baku Steel Company”nin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi informasiya texnologiyaları bazarının inkişafına dəstək göstərilməsi və bu sahədə təhsil sisteminin təkmilləşdirilməsidir.
Layihənin tətbiqi gənclər arasında innovativ fəaliyyətin təşviqinə, informasiya texnologiyaları mütəxəssislərinin, mühəndislərin, ixtiraçıların və alimlərin yetişməsinə, rəqabətqabiliyyətli insan kapitalının inkişafına yeni imkanlar yaradacaq.
Tarix: 23-09-2022, 16:13
Xəbəri paylaş