“Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları"
Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Şuşada təşkil edilən “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans sentyabrın 20-də Bakıda davam edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
“Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə gerçəkləşən tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub. Beynəlxalq konfransda 15-ə yaxın ölkədən, o cümlədən Türkiyə, Böyük Britaniya, İsrail, Almaniya, Hindistan, Qazaxıstan və digər ölkələrdən sahə üzrə ekspertlər, eləcə də yerli mütəxəssislər iştirak edirlər.
Konfransın moderatoru, startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran qonaqları salamlayaraq tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. O, Şuşaya ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Bildirib ki, səfər çərçivəsində gördükləri onda Azərbaycan mədəniyyəti ilə bağlı böyük təəssürat yaradıb: “İlk olaraq Qobustan Milli Tarix-Bədii Qoruğunda olduq. Burada qoruqla bağlı zəngin məlumat əldə etdik. Füzulidən keçərkən ermənilərin törətdiyi dağıntılar bizi çox məyus etsə də az bir vaxtda inşa edilərək istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı bir daha göstərir ki, az vaxtda bu yerlər öz keçmiş şöhrətini tam bərpa edəcək”.
Təşkil edilən konfransın əhəmiyyətindən danışan israilli ekspert bildirib ki, tədbirdə beynəlxalq məruzəçilər var onlar öz təcrübələrini bölüşəcək və məruzələrdə mədəniyyət iqtisadiyyatı termininin daşıdığı məna yükü tam dolğunluğu ilə bir daha diqqətə çatdırılacaq.
Mədəniyyət naziri Anar Kərimov konfransda çıxış edərək diqqətə çatdırıb ki, konfransla bağlı 15 ölkədən qonaqlar Azərbaycana gəliblər. Onlar mədəniyyət paytaxtımız Şuşaya və digər rayonlara səfər ediblər. Şuşada çox önəmli bir fikir mübadiləsi aparılıb. Bu tədbir də məhz Qarabağa qayıdışımızın, oradakı bərpa işlərimizin bir parçasıdır, bir mərhələsidir. Həm oradakı 30 illik dağıntı və vandalizmi, həm də bugünkü inkişafı əyani şəkildə görmək və təbliğatını aparmaq baxımından bu konfrans mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın öz tarixinin ən önəmli səhifələrindən birini yaşadığını vurğulayan nazir müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək mühüm vəzifələrin olduğunu diqqətə çatdırıb: "44 günlük Vətən müharibəsindən və Zəfərdən sonra bizim qarşımızda mühüm vəzifələr durur. Bu vəzifə əzəli yurd yerlərimizin dirçəldilməsindən ibarətdir. Biz işğaldan azad olunmuş ərazilərə həm də özlərinə xas mədəniyyəti qaytarmalıyıq və qaytarırıq. Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə keçirilən silsilə tədbirlər də buna misaldır".
Anar Kərimov bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən yaradıcı sənayelərin inkişaf etdirilməsinə çox böyük önəm verilir: "Nazirliyin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası təsis edilib. Yaradıcı sənayelərin və bu sahənin iqtisadiyyata töhfəsinin artırılması kimi mövzuları daim gündəmimizdə saxlayırıq. Mədəniyyət və yaradıcı sənayelər “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da prioritet inkişaf perspektivləri olan sahələr kimi öz əksini tapıb. Bizim başlıca vəzifəmiz isə həmin yaradıcı fəaliyyəti olan qurumlara müdaxilə etməməkdir. Əksinə onları vahid qüvvə kimi birləşdirib, özəl sektorlarla dövlət qurumları arasında körpü rolunu oynamaqdır. Bu baxımdan dəfələrlə yaradıcı sənaye ilə məşğul olan qurumlarla, sektorlarla görüşlər keçirilir, təkliflər dinlənilir".
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev söyləyib ki, ötən dövr ərzində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər daha da artıb. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatında yüksək artım davam edib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki, xalqın mədəni səviyyəsi hər bir ölkənin inkişafına təsir göstərir: “Bildiyiniz kimi, otuz ilə yaxın idi ki, torpaqlarımız işğal altında idi. İşğal dövründə düşmən mədəni abidələrimiz məhv edilib. Bu gün infrastruktur layihələrlə yanaşı, mədəni abidələrimiz də bərpa olunur. Bizim əsas vəzifəmiz mədəni irsimizi gələcək nəsillərə çatdırmaqdır".
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib ki, torpaqlarımızın işğaldan azad edilməsi mədəniyyətin barbarlıq üzərində qələbəsi idi: "Mən düşünürəm ki, bu tədbirin Şuşadan başlayıb Bakıda davam etməsi də buna görədir. Qonaqlarımız işğaldan azad edilmiş torpaqlarımızı ziyarət edərkən düşmənin dağıdıcı, dövlətimizin isə qurucu mədəniyyətini gördü. Çox təəssüflər olsun ki, bu gün özünü dünyada mədəni ölkə adlandıran bəzi dövlətlər qurucu mədəniyyəti deyil, dağıdıcı mədəniyyətin yanındadır. Mədəniyyət sahəsi Azərbaycan üçün həmişə prioritet olub. Mədəniyyət iqtisadiyyatına təkcə gəlir mənbəyi kimi baxmamalıyıq. Bu anlayış dövlət üçün, xalq üçün, onun mədəniyyəti üçün fərqli-fərqli imkanlar açır".
Konfrans öz işini panel iclaslarla davam etdirib. “Dialoq vasitəsilə mədəniyyət iqtisadiyyatının gücləndirilməsi”, “Yaradıcı sənaye 4.0: Yeni qloballaşan mədəni iqtisadiyyata doğru”, “Mədəni iqtisadiyyatın artırılması üçün investisiyalar əsas vasitə aləti kimi” və “Yaradıcı gələcəyin yetişdirilməsi” mövzularında keçirilən panel iclaslarında mövzuya uyğun çıxışlar dinlənilib.
Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova qeyd edib ki, bu gün mədəni turizm dünyada məşhur turizmlərdən biridir. Mədəni turizm iqtisadiyyatın aparıcı istiqamətlərindən biridir. Mədəniyyətin təbliğ olunmasında turizmin böyük rolu var.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Mədəniyyət Nazirliyinin məqsədlərindən biri mədəniyyətə yanaşmanı dəqiqləşdirməkdir: "Bizim baxışımız sovet baxışından fərqlənir. O zaman mədəniyyət bu sahə ilə məşğul olan müəssisələrin fəaliyyəti ilə məhdudlaşırdı. Ancaq mədəniyyət daha geniş anlayışdır. Bugünkü tədbirin əsas məqsədi bu baxışı açıqlamaqdır. Mədəniyyət bütün sahələri ilə bir zövq formalaşdırır. Mədəni iqtisadiyyatın bir böyük tərəfi də qloballaşmadır. İnternetin üstünlüyü hansısa bir musiqiçinin öz əsərini dünyaya çıxarmaq imkanı verir ki, bu da qloballaşmanın nə demək olduğunu açıq-aydın göstərir".
Elnur Əliyev vurğulayıb ki, ölkəmizdə neft-qaz, kimya sənayesi barədə danışmaq mümkündür, amma yaradıcı sənayemiz yoxdur. “Biz sistemli yanaşma tətbiq etməliyik. Buna görə də birinci növbədə bu yöndə təbliğat işləri aparılmalıdır", – deyə E.Əliyev əlavə edib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov söyləyib ki, mədəniyyət və iqtisadiyyat terminlərinin bir arada səsləndirilməsi onların bağlılığından xəbər verir: "Ölkədə sosial inkişafın formalaşdırılmasında, sahibkarlıq mühitinin yaxşılaşdırılmasında mədəniyyət və yaradıcı sənayenin inkişafına diqqətin ayrılması vacib məsələlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bu sahənin inkişafına da təsir edən amillərdən biridir. İqtisadiyyat Nazirliyi olaraq bu sahənin inkişafı istiqamətində lazımi tədbirlər görəcəyik".
Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, mədəniyyət geniş bir məfhumdur. Mədəniyyət sahibkarlıqdır, iqtisadiyyatdır, inkişafdır: “Ərazilərimizin düşməndən azad olunması Qarabağda dağıntıları tam şəkildə görməyə imkan verdi. Biz bu dərəcədə böyük dağıntıların öhdəsindən gəlməliyik. Məlum olduğu kimi, ən çox dağıntıya məruz qalan obyektlər tarixi abidələrimizdir. Bununla da düşmən bizim mədəniyyətimizi silmək istəyirdi. Dünyada buna nümunələr var. Amma nəzərə alsaq ki, İkinci Dünya müharibəsindən sonra Avropadakı urbisidin aradan qaldırılmasına müəyyən yardım var idi. Amma Azərbaycan bu gün Qarabağdakı dağıntıları, oradakı urbisidi özü bərpa edir, özü aradan qaldırır".
Daha sonra çıxış edən mədəni iqtisadiyyat üzrə beynəlxalq ekspert Ornela Ramasauskaite yaradıcı ekosistemin mühüm məsələ olduğunu söylədi: “Dünən apardığım tədqiqatlar və oxuduğum məqalələr nəticəsində belə qənaətə gəldim ki, yaradıcı ekosistemin yaradılması mütləqdir. Azərbaycanın böyük mədəni-tarixi mirası var. Bu ölkə də dünyada baş verən yaradıcı proseslərin bir hissəsidir”.
Daha sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.
Tarix: 20-09-2022, 20:49